Təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın düşərgəsinə daha bir futbolçu qoşulub.
Sportal.az xəbər verir ki, anlaşmaya əsasən, Ramon Maçado qarşıdakı 1 ili “qırmızı-ağlar”ın heyətində keçirəcək. Braziliyalı hücumçu bugündən komandanın məşqlərində iştirak edir.
33 yaşlı futbolçu “Araz-Naxçıvan”a Malaziyanın “Sabah” klubundan gəlib. Misli Premyer Liqası təcrübəli braziliyalı üçün yad deyil. Belə ki, o, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb. Ümumilikdə isə Maçado “Brasil Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte” və “Ponte Preta” klublarında da çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” yay transfer dövründə Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Benny, Felipe Santos, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Kuzmanoviçlə müqaviləni yeniləyib.
saytlarin hazirlanmasi