"Zaqatala"nın baş məşqçisi "Dinamo"ya keçən futbolçudan danışdı: "Milliyə və Premyer Liqa klublarına oyunçu gedəndə çox sevinirik"

14:23 - 4 Avqust 2024

"Essono komandamıza gələndə bir çox futbol biliyi başqa cür idi. Bu da öz dediyinə görə, Afrika futbolu Avropa futboluunun fərqliliyindən irəli gəlirdi. Avropasayağı futbol oynayırıq deyə, bizdə çox şey öyrəndi. Ancaq özü də çox istedadlı və bacarıqlı biri idi. Ona görə də hər şeyi tez qavrayırdı. Bəyənildiyi üçün bizdə oynayanda Qabon millisinə, indi isə "Dinamo"ya dəvət edildi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib. O, ötən mövsüm komandanın aparıcı oyunçularından olmuş Steyn Essono haqda danışıb. Məmmədov ötən həftə Belarusun yüksək liqa təmsilçisi olan "Dinamo"(Brest) klubu ilə müqavilə imzalamasına münasibət bildirib:

"Zaqatala" onun transferindən pul qazanmadı deyəndə ki, əslində, çox şey qazandı. Axı pul hər şey demək deyil. Əsas odur hamı gördü ki, Birinci Liqadan A milliyə dəvət edilmək mümkündür. Premyer Liqada oynamaq şansını da qazanmaq olur. Bu da bizim uşaqlara verə biləcəyimiz stimuldur. Həqiqətən bizdən milliyə və Premyer Liqa klublarına oyunçu gedəndə çox sevinirik. Cavan uşaqlardır, çox əziyyət çəkirlər. Onlar bəhrəsini görəndə biz də sevinirik".

Qeyd edək ki, “Zaqatala”dan ayrıldıqdan sonra qabonlu yarımmüdafiəçi Belarusun “Dinamo”(Brest) klubu ilə bir illik müqavilə imzalayıb.

Mirbağırağa

Xəbər xətti