Rusiya Premyer Liqasında mübarizə aparan “Ximki”də çıxış edən Nemanya Ancelkoviç Sportal.az saytına müsahibə verib. Vaxtı ilə “Zirə”də oynamış serbiyalı müdafiəçi bu komandanın avrokuboklardakı çıxışından və Azərbaycana qayıtmağının mümkünlüyündən bəhs edib.
- Ötən mövsüm "Akron"da oynadın, mövsümün əvvəlində isə Rusiya Premyer Liqasının təmsilçisi "Ximki"yə keçdin. Transferin necə reallaşdı?
- Hər şeydən razıyam. Burada oynadığım üçün də şadam. Rusiya futbolunu çox bəyənirəm. Premyer Liqa isə çox güclüdür. Çünki çoxlu sayda yaxşı klublar, güclü futbolçular oynayır. Premyer Liqada oynamaq mənə çox xoşdur. Başqa təkliflərim də var. Amma mən Rusiyanı və "Ximki"ni seçdim.
- Rusiya Premyer Liqasının səviyyəsi necədir?
- Dediyim kimi, bu çox güclü və çox yaxşı liqadır. Burada çox cəld, sürətli və sərt oynayırlar. Liqada çoxlu sayda yaxşı, səviyyəli futbolçular var. İnanıram ki, "Ximki" uğurlu nəticələr qazanacaq. Bunun üçün çalışırıq, mübarizə aparırıq.
- Amma Rusiya klubları avrokuboklara buraxılmır. Bu məqam Rusiya çempionatı maraqsızlaşdırmır?
- Doğrudur, Avropa arenasında oynamırıq. Amma Premyer Liqanın səviyyəsi çox yaxşıdır. Burada oynamaq mənə zövq verir. Lakin mən həmişə Azərbaycan klubları ilə əməkdaşlıq edib, danışıq aparmağa hazıram.
- Bildiyim qədərilə bu yay sənə Azərbaycan klublarından təkliflər olmuşdu. Niyə geri qayıtmaq istəmədin?
- Hazırda özümü "Ximki"də xoşbəxt hiss edirəm.
- Hazırda "Ximki"də komanda yoldaşın olan Rezuian Mirzov da ötən mövsüm Azərbaycanda, "Neftçi"də oynayırdı. Onunla heç zaman-zaman Azərbaycan futbolu haqda söhbətiniz olur
- Əlbəttə, Mirzovla tez-tez Azərbaycan Premyer Liqasından danışırıq. Maraqlı söhbətlərimiz olur. Demək olar ki, Azərbaycanda da futbolun, çempionatın səviyyəsi yaxşıdır. Keyfiyyət yuxarıdır. Ümidvaram ki, ildən-ilə səviyyə daha da yaxşılaşar.
- "Ximki"nin sahibi azərbaycanlı iş adamı Tufan Sadıqovdur. Daim komanda ilə maraqlandığını da mətbuatdan görmək olar. Sizinlə tez-tez görüşür?
- Tufan Sadıqov klubun prezidentidir. O, çox pozitiv və yaxşı insandır. Onun dəstəyini daim hiss edirik. Bunun da qarşılığını meydanda verdiyimiz mübarizə ilə göstəririk. Komandanın yaxşı yerlərə gəlməsi üçün çalışırıq.
- Yeri gəlmişkən, sabiq komandan "Zirə" Konfrans Liqasında üçüncü təsnifat mərhələsində oynayacaq. Avropa Liqasında "Şerif"ə uduzduqdan sonra KL-də "DAK 1904" səddini keçə bildilər. Səncə. onlar qrup mərhələsinə düşəcək? Növbəti rəqib "Osiyek"dir....
- "Zirə"nin çıxışını daim izləyirəm. Əvvəlki qələbələrə görə onları təbrik edirəm. Fikrimcə, pley-off mərhələsinə keçmək üçün "Zirə"nin yaxşı şansı var. "Zirə"nin Avropa yarışları üçün yaxşı keyfiyyətə malikdir. Təbii ki, bu komandaya azarkeşlik edirəm. Ümidvaram ki, hər şey onların istədiyi kimi alınar.