"Azərbaycan Premyer Liqasında ilk oyunum idi, özüm üçün də maraqlı gəlirdi"

12:49 - 9 Avqust 2024

"Şamaxı"nın qapıçısı Rikardo Fernandes Sportal.az saytına açıqlama verib.

Portuqaliyalı qolkiper Premyer Liqanın birinci turundakı "Sabah"la qarşılaşmanı şərh edib. Onun sözlərinə görə, komandası "Sabah"la matçda yaxşı performans sərgiləyib: 

"İlk oyunumuz idi. Kollektiv olaraq bu oyunda uğurlu nəticə qazanmaq istəyirdik. Ağır oyun alındı. Amma sonda xalla ayrıldıq. Halbuki, iki qol buraxmışdıq. Rəqibimiz isə böyük və güclü komanda idi. “Sabah”la görüşün asan olmayacağını anlayırdıq. Lakin biz xarakter göstərdik və səfərdə önəmli xal qazandıq. Çempionatda ilk oyunum idi, özüm üçün də maraqlı gəlirdi. Şadam ki, ilk matçdan xalla ayrılmağı bacardıq".

Rikardo Premyer Liqanın 2-ci turunda "Araz-Naxçıvan"la qarşılaşacaq komandasının bu oyunda da uğurlu nəticə qazanmaq istəyində olduğunu deyib: "Növbəti görüşümüz də səfərdədir. “Araz-Naxçıvan”ın da yaxşı komanda olduğunu bilirik. Doğrudur, onlar ilk turda istədiyi nəticəni qazanmayıb. Amma bu komandanın heyətində yaxşı futbolçular yer alıb. Səfərdə oynasaq da, çalışacağıq ki, uğurlu nəticə qazanaq".

Mirbağırağa

Xəbər xətti