"Araz-Naxçıvan"ın keçmiş kapitanı: "Baş məşqçi dəyişikliyindən sonra oyun planında nəsə dəyişmədi"

15:27 - 17 Avqust 2024

Litvanın "Kauno Jalqris" klubunun üzvü, ötən mövsüm "Araz-Naxçıvan"da kapitanlıq sarğısı daşımış Numan Kurdiç Sportal.az saytına açıqlama verib.

Təcrübəli müdafiəçi öncə yayda komandada qalmamasına və Azərbaycanı tərk etməsinə aydınlıq gətirib:

"Araz-Naxçıvan"ın baş məşqçisi bir neçə dəfə məndən qalmaq istəyib-istəmədiyimi soruşdu. Bu cür suallar verdi, amma mənə rəsmi təklif göndərilmədi. Niyə baş məşqçi məni bəyənmədi, bilmirəm. Elə alındı ki, ayrıldım və özümə Litva klubunda tapdım. Azərbaycan klublarından isə təklifim yox idi. Mən Avropaya qayıtmaq istəyirdim. "Araz-Naxçıvan"la ötən mövsüm daha da yaxşı ola bilərdik. Xüsusən də, çempionatın ikinci yarısında. Amma alınmadı. Uzun illərdən sonra liqaya qayıdan komandanın Premyer Liqada qalması normal nəticədir".

Bosniyalı mövsümün sonlarına yaxın Azər Bağırovu Elmar Baxşıyevin əvəzləməsini də şərh edib: "Düzü, baş məşqçi dəyişikliyindən sonra oyun planında nəsə dəyişmədi. Bir az məşqlərdə hansısa dəyişiklik oldu. Yeni bir şey gətirdiyini düşünmürəm. Bu mövsüm komandada braziliyalıların sayı çoxdur. Məncə, hər şey eyni olacaq. Amma istənilən halda, bu komandaya uğurlar arzu edirəm".

Kurdiç Azərbaycan Premyer Liqası haqda isə bunları deyib: "Ümumilikdə hər şey yaxşı idi. Yaxşı stadionlar var. Amma azarkeş çox deyil. Klubların səviyyəsi də normaldır. "Qarabağ" top klubdur. Ümumilikdə pozitiv məqamlar çoxdur".

Mirbağırağa

Xəbər xətti