"Juninyoya qarşı oynamaq çətindir, "Qarabağ"ın indiki hücum xətti tarixinin ən güclüsüdür" - MÜSAHİBƏ

13:18 - 21 Avqust 2024

"Araz-Naxçıvan"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına müsahibə verib.

- Son həftədə "Zirə" ilə oynamalı idiniz. Amma matç təxirə salındı. Bu sizin planlarınıza necə təsir etdi?

- Təbii ki, həftəboyu bu oyuna ciddi hazırlaşmışdıq. Oyunun keçirilməsinin tərəfdarı idim. Amma bəzi şeylər var ki, bizim istəyimizlə deyil. "Zirə" də avrokuboklarda Azərbaycanın adını təmsil edir. Onlara bu cür şərait yaradılması normal haldır. Hər halda, onların uğuru hamımızın uğurudur.

- Son oyunda "Şamaxı"nı məğlub etməyi bacarmışdınız. 1:0 hesablı qələbəni necə şərh edərdin? 

Hamı dərk edirdi ki, bizə qələbə lazımdır. Ona görə də, tam şəkildə, ciddiyyətlə oyuna hazırlaşdıq. Şükür Allaha, bəhrəsini gördük. Qalib gəlsək də, ağır oldu. "Şamaxı" əks-hücumlarda yaxşı oynayan komandadır. Yaxşı da müdafiə olunmağı bacarırlar. Şükürlər olsun ki, əks-hücumlarda qapımızda qol görmədik. Halbuki rəqibin bir neçə qol epizodu var idi. Bizim də qol imkanlarımız oldu, onlardan birini dəyərləndirə bildik.

- Bu görüşdə qələbə qolunun assisti məhz sənə aiddir. Ramon Maçadoya ideal ötürmə verdin və o da qolunu vuraraq qələbə qolunuzu vurdunuz. Həmin anı necə şərh edərdin?

Həmin an haqda çox danışılası bir şey yoxdur. Sadəcə bir anlıq qərar verməli idim. Ramonu gördüm və bir saniyəyə qərarımı verdim, ona ötürmə etdim. Boşluqda idi deyə, ötürmə etdim. Şadam ki, o da qol vurdu.

- "Araz-Naxçıvan"ın potensialı nəyə imkan verir? Bu komanda avrokuboklar uğrunda mübarizə apara biləcək gücdədir?

Məncə, potensialı olan komandayıq. Keyfiyyətli futbolçularımız var. Təki zədədən uzaq olaq. Sadəcə komplektləşməyimiz üçün vaxt lazımdır. Nə qədər də yaxşı heyət olsa belə, demək olar ki,heyətin 70 faizi yeni oyunçulardır. Bir-birimizə uyğunlaşmağımız da vaxt alacaq. 

- Bir illik fasilədən Azərbaycan Premyer Liqasına qayıtmısan. Səncə, Premyer Liqada keyfiyyət və səviyyə yüksəlib? Hansı dəyişiklikləri görürsən?

- Premyer Liqanın səviyyəsi yüksəlib. Bunun üçün kənardan gəlməyə də ehtiyac yoxdur. Türkiyədə olanda da çempionatı izləyirdim. Məncə, ötən mövsüm də Premyer Liqa kifayət qədər maraqlı keçdi. Birinci yeri çıxmaq şərtilə, digər mövqelər uğrunda sona qədər mübarizə getdi. Məncə, bu mövsüm də elə olacaq. Əksər komandaların səviyyəsində yüksəliş var.

- Mövsümə startı isə yaxşı verməmişdiz. "Qarabağ"a 1:4 hesabı ilə məğlub olmuşdunuz. Juninyo və ümumiyyətlə, “Qarabağ”ın hücum xəttinə qarşı oynamaq əvvəlkindən də çətin idi? 

- "Qarabağ"a qarşı oynamaq hər zaman çətin olub. Demək olar ki, son 10 ildə eyni səviyyəni saxlamağı bacarıblar. Bəlkə də, "Qarabağ"ın tarixində ən güclü hücum xətti bu mövsümküdür. Xüsusilə də, Juninyoya qarşı oynamaq çətindir. Çətinliyi artıran da, ilk oyunumuza çıxmağımız və komandanın yeni olmağı idi. Ona görə də belə məğlubiyyət alındı. Ümid edirəm ki, gələn oyunlarda düzələr.

- Komandanın Naxçıvana yollanması, rəqiblərini orada qəbul etməsi yaxşı olmazdı? Ən azından rəqiblər səfərdə olduğunu hiss edərdi. İndi belə hiss olummur..

- Əlbəttə ki, siz qeyd etdiyiniz  məqamlara görə komandanın Naxçıvanda olması üstünlükdür. Rəqiblər səfərdə oynamış olacaq. Naxçıvanda doğma meydanda loynamağımız komanda üçün üstünlük olar. Bəzi məsələlər var ki, onlar bizdən asılı olan məsələlər deyil. Kimdən asılıdırsa, bu şeylər haqda düşünəcək. Bizim işimiz futbol oynamaqdır. Sabah Naxçıvana gedəsi olsaq, gedib orada canla-başla oynamalıyıq.

Mirbağırağa
 

Xəbər xətti