"Əminliklə deyirəm ki, "Neftçi" ilə matçda iki xal itirdik" - MÜSAHİBƏ

14:49 - 2 Sentyabr 2024

"Şamaxı"nın kapitanı Adil Nağıyev Sportal.az saytına müsahibə verib.

- "Neftçi" ilə qarşılaşdınız və oyun 0:0 hesabı ilə başa çatdı. Matçı necə dəyərləndirərsən? 

- Maraqlı və gərgin oyun oldu. Bu sezon ilk ev oyunumuz idi. Qələbə qazanmaq istəyirdik. Qələbə qazanmasaq belə, əsas odur ki, uduzmadıq. Komandamız çox yaxşı çıxış etdi. 

- Səncə, qələbə qazanmağa layiq idiniz? Yəni, bu görüşdə iki xal itirdiniz, yoxsa bir xal qazandınız? 

- Əlbəttə ki, "Neftçi" üzərində qələbə qazana bilərdik. Əminliklə deyirəm ki, biz bu oyunda iki xal itirdik. Çünki qələbəyə yaxın idik.

- "Neftçi"nin bu mövsüm güclü olacağı gözlənilirdi, ancaq onlar o qədər də güclü görünmür. Sən necə düşünürsən, ötən mövsüm "Neftçi"yə qarşı oynamaq daha çətin idi, yoxsa bu mövsüm?

- "Neftçi" futbolumuzun flaqmanıdır. Amma hələ ki, tam formada deyillər. Zamanla daha yaxşı olacaqlarını düşünürəm. Biz isə onlara qarşı sona qədər mübarizə apardıq. Qalib gəlmək istəyirdik. Təəssüf ki, olmadı.

- "Şamaxı"nın heyəti yeni qurulub, amma komanda çox yaxşı mübarizə aparır, yaxşı nəticələr göstərir. Ötən turda "Zirə"ni məğlub etdiniz, bu dəfə "Neftçi"dən xal aldınız. Bu nəticələri gözləyirdiz?

- Biz yeni komandayıq. Heyətdə yeni futbolçular var. Onlar da çalışır ki, komandaya adaptasiya olsun. Biz bura yığışanda da, əsas məqsədimiz bütün komandalarla mübarizə aparmaq, heç kimə asanlıqla təslim olmamaq idi. Əlbəttə biz hər oyuna inanaraq çıxırıq. Meydanda üç xal üçün mübarizə aparırıq. Rəqibin kimliyinin isə önəmi yoxdur. 

- "Şamaxı" avrokuboklar mübarizəsinə qoşula bilər? Yoxsa, düşünürsən ki, maksimum Premyer Liqada mübarizə aparmaq uğrunda mübarizə apara bilərsiniz?

- Əsas məqsədimiz bu il Premyer Liqada yerimizi qorumaqdır. Ancaq çalışacağıq ki, bacardığımız qədər yuxarı pillələrə qalxaq. İnanıram ki, bunu edə bilərik. 

- Milli komandaların oyunlarına görə fasilə yaranacaq. Bu "Şamaxı" üçün yaxşıdır, yoxsa pis? Növbəti turda da "Sumqayıt"la oynayırsız...

- Çalışacağıq ki, fasilədən daha yaxşı istifadə edək. Məncə, fasilə xeyrimizə olacaq. "Sumqayıt"a qarşı evdə oynayacağıq. Çalışacağıq ki, bu oyunda üç xal qazanaq. Çətin oyun olacaq. "Sumqayıt" yaxşı komandadır. Gərgin mübarizə olacaq, Allah qoysa, qələbə qazanarıq. 

Mirbağırağa

Xəbər xətti