"Nəticə belədirsə, demək ki, lazım olan futbolu oynamayıblar" - MÜSAHİBƏ

14:18 - 9 Sentyabr 2024

Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi Millətlər Liqasında ikinci görüşündə də Slovakiya yığmasına uduzdu. Səncə, yığmamız səfərdə niyə rəqibi ilə bacarmadı?

Bəli, Azərbaycan millisinin Slovakiyaya məğlubiyyətini gördüm və çox üzüldüm. Təəssüf ki, millimiz azarkeşləri sevindirə bilmədi. Futbolda belə hallar olur. Əsas odur ki, başını aşağı salıb növbəti matçlarda yaxşı nəticə göstərmək üçün çalışsınlar.  

- Oyunun zəif bəndlərindən biri Amin Seydiyev oldu deyə bilərik? Penaltiyə səbəb oldu, ondan öncə də zəif çıxış etmişdi...

Düzünü desəm, heyət məni təəccübləndirdi. Amma bu, Fernandu Sanutşun seçimi idi. Amin özü də belə olmasını istəməzdi. Əminəm ki, onun özünün də əhvalı pozulub. Mənə elə gəlir ki, hər şey təcrübənin az olması, üstəlik, xarici klublarda çıxış edən futbolçuların az olması ilə bağlıdır. 

- Milli komandamız Slovakiyadan da qabaq İsveçə uduzdu. Milli komandamız bu rəqiblərinə qarşı göstərdiyi oyundan, performansından razı qaldız?

Azərbaycan millisi futbol oynamağı bacarır. Sadəcə milli tsiklə zəif başladı, ardıcıl iki oyunu uduzdu. Sadəcə toparlanmalı, necə oynayacağını bildiyi ən yaxşı futbolunu göstərməlidirlər. Nəticə belədirsə, demək ki, lazım olan futbolu oynamayıblar. Azarkeşlər nəticə istəyirlər.

- Yeri gəlmişkən, millimizin aparıcı oyunçusu və kapitanı Emin Mahmudov Slovakiya ilə görüşdə meydana buraxılmadı. Fernandu Santuş onun üçün vazkeçilməz və ulduz futbolçunun olmadığını göstərmək istədi?

Əvəzolunmaz futbolçu heç yerdə yoxdur, nəinki Azərbaycanda. Futbolu 1 nəfər oynamır 11 futbolçu oynayır. Görünür ki, Fernandu Santuşun Eminə hələ də əsəbidir. Bu hərəkəti ilə Eminə ona dərs vermək qərarına gəlib.

- Fernandu Santuşun rəhbərliyi altında yığma komandamız əvvəlki komandalarımızdan çox fərqlənir?

Fernandu Santuşa zaman vermək lazımdır. Hər halda, yeni-yeni gəlib komandaya. Yaxın vaxtlarda hər şeyi görəcəyik. Məncə, Azərbaycan millisinin ən yaxşı vaxtı Robert Prosineçkinin zamanında olub. Həmin vaxtı üç turdan sonra Azərbaycan millisi birinci pillədə gedirdi.

- Azərbaycan millisi növbəti matçını Estoniyaya qarşı keçirəcək. Həmin matçda millimiz qalib gələ bilər?

Estoniyanı məğlub etmək lazımdır. Milli komanda bunu edəcək, əminəm. Miliyə böyük qələbələr və bütün Azərbaycan xalqına hər zaman sevinc bəxş etməsini arzulayıram.

Mirbağırağa

Xəbər xətti