Premyer Liqa klubunun legioneri: "Autsayder olmadığımızı meydanda göstərdik" - MÜSAHİBƏ

11:17 - 18 Sentyabr 2024

“Şamaxı”nın gürcüstanlı legioneri Georgi Kantaria Sportal.az saytına müsahibə verib. Misli Premyer Liqasının 6-cı turunun “Sumqayıt”la oyununda komandasına qələbə qazandıran yeganə qolu vuran gürcü futbolçu çempionatın səviyyəsindən də söhbət açıb.

- "Sumqayıt"la matçda 1:0 hesabı ilə qələbə qazandınız. Matç sizin üçün necə alındı?

Qalib gəldiyimiz üçün şadam. Vurduğum qolla qalib gəlməyimiz məni çox sevindirdi. Bilirdik ki, çətin oyun olacaq. Amma qələbə üçün hər şeyi etdik və "Sumqayıt"la matçda layiqli qələbə qazandıq. 

- Mövsümöncəsi çoxları "Şamaxı"nın uğursuz nəticələr göstərəcəyini ehtimal edirdi. Amma komanda yaxşı nəticə göstərə bilir. Bunu necə edə bildiniz?

Bəlkə də çoxları belə hesab edirdi. Amma favoritlər və autsayderlər yalnız kağızda yazılır. Meydanda isə autsayder olmadığımızı göstərdik. İnanın ki, biz hələ daha çoxuna qadirik. Oyundan-oyuna daha yaxşı olacağımızı göstərəcəyik.

- Hazırda komanda 6-cı pillədədir. Daha üst pillələrdə olmağı istəyirsiz, yoxsa bu nəticə də sizi razı salır?

Fikrimcə, yaxşı start vermişik və bu cür də davam edəcəyik. Maksimum işləyirik ki, daha yaxşı nəticələr qazanaq. Bizim çox yaxşı kollektivimiz var və hamı kollektivin maksimum nəticə göstərməsi üçün hər şeyi edir. Yaxşı komandaya sahibik.

- Qarşıdakı turda "Kəpəz"ə qarşı oynayacaqsınız. Bu görüşlə bağlı nə fikirləşirsən?

Ağır oyun olacaq. Çünki "Kəpəz" sona qədər mübarizə aparacaq. Biz bu oyuna ciddi hazırlaşırıq. Meydana da qələbə üçün çıxacağıq. Necə alınacağını oyun göstərəcək.

- Yeri gəlmişkən, "Kəpəz" sənin sabiq komandandır. Sənin üçün xüsusi oyun olacaq?

Mən məsələyə belə yanaşmıram. Bu matç da əvvəlki oyunlar kimi olacaq. Sadəcə əvvəlki dostlarımı, azarkeşləri görəcəm, söhbətləşəcəyik, vəssalam. Mən hazırda yalnız "Şamaxı"ya konsentrasiya olmuşam. Komandamın qələbəsi üçün hər şeyi edirəm.

- İki sezon əvvəl "Kəpəz"də oynamışdın. Həmin vaxtı liqa daha güclü idi, yoxsa indi? 

O vaxtı da çempionat yaxşı və maraqlı idi. Amma məncə, indi Premyer Liqa daha da güclənib. Bunu komandaların statistikasından da görmək mümkündür. 

Mirbağırağa

Xəbər xətti