"Araz-Naxçıvan" Misli Premyer Liqasının 7-ci turunda səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı oyun alındı. Hər iki komanda öz oyun üslubunu göstərməyə çalışırdı. Komandamı təbrik edirəm. Amma yenə də inkişaf edə bilərik. Komandanın yaxşı potensialı var. Özünəinam artdıqca daha yaxşı oynayacağıq.
- Tovuzda oynamaq həmişə çətin olur. Komandanı oyuna necə kökləmişdiz?
- Burada oynamaq hər futbolçuya zövq verir. Oyunçularım təzyiqi hiss etmədilər, onlar təcrübəlidir. Meydanda yaxşı iş gördülər.
- "Turan Tovuz"a ilk məğlubiyyəti siz yaşatdınız. Bununla bağlı nə deyə bilərsiniz?
- O düşüncəylə yanaşmırdıq ki, gedib ilkə imza ataq. Hər komandaya qarşı hazırlıq görmək lazımdır. Bu gün yaxşı oyun nümayiş etdirdik. Kurban Berdıyev dəyərli məşqçidir. Mübarizə bizim aramızda getmir, "Turan Tovuz"la "Araz-Naxçıvan"ın arasında gedirdi. Heç bir prinsipiallıq yox idi.
- "Araz-Naxçıvan" kimin üçün oynayır?
- Mən futbolçulara və rəhbərliyə görə işləyirəm. Biz də yerli tribunanın qarşısında oynamaq istəyirik. Ümid edirəm ki, rəhbərlik bizi Naxçıvana qaytarar.
- Sizcə, Ramon Maçadonun Roderik Millerə qarşı kobud oynadığı epizodda qırmızı vərəqə var idi?
- Epizodu görməmişəm. Nəsə desəm, fərqli anlaşılacaq. Baxdıqdan sonra deyə bilərəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi