"Rəhbərlik qarşımıza avrokuboklara vəsiqə hədəfi qoyub" - MÜSAHİBƏ

13:34 - 23 Sentyabr 2024

"Araz-Naxçıvan"ın futbolçusu Urfan Abbasov Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz"la görüşdə qələbə qazanacağınızı gözləyirdiz?

Ağır oyun olacağını bilirdik. Çünki "Turan Tovuz" süni örtüklü meydançada oynayır. Biz də buna öyrəşməmişik. "Turan Tovuz" turnir cədvəlinə liderlik edirdi, bir az təzyiq var idi. Amma yaxşı oynadıq. Bilirdik ki, rəqib uzun ötürmələrdən çox istifadə edir. Vacib qələbə qazandıq.

- Ötən mövsüm "Araz-Naxçıvan" dörd oyunda da "Turan Tovuz"a uduzmuşdu...

Oyundan qabaq inanırdım ki, qələbə qazana bilərik. Oyundan-oyuna daha çox inkişaf etməliyik. Daha çox top saxlasaq, daha çox epizodlara girərik. Hələ ki, nəticəyə oynayırıq. Gələcək oyunlarda inkişaf edib, daha yaxşı oyun göstərəcəyik.

- "Dalğa Arena"nın təbii örtüyü də pis durumdadır. Ora "Turan Tovuz"un süni örtülü meydançasından yaxşıdır?

Düzdür, "Dalğa Arena"nın ot örtüyü də pis gündədir. Amma süni meydançadansa, təbii ot daha yaxşıdır. Sintetik meydanda qaçan kimi, dərhal əzələlər dolur, tutulur. Belə meydanda oynamaq üçün öyrəşmək lazımdır.

- Roderik Miller - Ramon Maçado epizodu çox müzakirə edildi. Həmin epizod haqda nə düşünürsən? Hakim haqlı idi?

Epizoda çox yaxın deyildim. Yəqin ki, baş hakim düzgün qərar verdi.

- Azarkeşlərin təzyiqini nə dərəcədə hiss edirdiz? Felipe Santosun vurduğu qoldan sonra bunu onların qarşısında qeyd etməsi azarkeşləri daha da qıcıqlandırdı. Onu qınayırsız?

Əlbəttə. Oyunun gedişində də ona dedik. Hətta matçdan sonra rəhbərimiz kiçik iclas etdi və orada da dedi ki, belə hərəkətlər yolverilməzdir. Bundan sonrakı oyunlarda belə hərəkətlərə yol vermərik.

Deyəsən, qələbə üçün yaxşı mükafat verildi...
Mükafat açıqlanmadı. 

- Ehtiyat skamyanız geniş deyil. Necə olacaq?

Çempionat uzun marafondur. Zədəlilər də ola bilər. Təki olmasın. Ancaq futboldur da, zədələr qaçılmazdır. Cəzalılar da həmçinin. Ehtiyat skamyamız geniş deyil. Amma çalışacağıq ki, bunu göstərməyək.

- Rəhbərlik tərəfindən qarşınıza məqsəd qoyulub?

Bəli, rəhbərlik qarşımıza avrokuboklara vəsiqə hədəfini qoyub. Oyunlarımız da pis getmir. Niyə də olmasın? Özümüzü heç bir komandadan zəif görmürəm. 

- Bu yaxınlarda 300 oyun rekorduna çatdın. Həmin rəqəmi artırmaq istəyərdin?

Kim istəməz? Zədələrdən uzaq olsam, yəqin ilk "dördlüy"ə çataram. Özümdə güc hiss edirəm. Daha çox oynayaraq, komandaya da çox xeyir vermək istəyirəm.  Əlbəttə ki, keçirdiyimiz 300 oyun arasında üzüldüyüm matçlar da var. Məsələn, ölkə kubokunun finalında "Qarabağ"la görüşdə avtoqol etmişdim. Uğursuz oyunlarımdan biridi. Ən uğurlusu? Qol vurduğum oyunlar mənim üçün uğurlu sayıla bilər.

- "Qəbələ"də oynamaq istəyərdin?

Qismət. Bəlkə nə vaxtsa, təklif olarsa...İndi də "Qəbələ"nin oyunlarını izləyirəm. Çalışıram ki, dəstəyimi verim. Ümid edirəm ki, onlar bu mövsüm çempion olub, yenidən Premyer Liqada iştirak edəcəklər.

Xəbər xətti