"Araz-Naxçıvan"ın kapitanı Vadim Abdullayev Sportal.az saytına müsahibə verib.
- "Araz Naxçıvan" son turda "Səbail"i məğlubiyyətə uğrada bildi, amma göründüyü qədərilə yetərincə çətin alındı. Həmin görüşdəki qələbə haqda fikirlərin necədir?
- Doğru qeyd etdiniz, ağır oyun keçdi. "Səbail" yaxşı komandadır. Oyunlarını əvvəlcədən də izləmişdik. Çempionatda hər oyun gərgin keçir. Onlar da "qara zolaq"dan çıxmaq, geridönüş etmək istəyirdilər. Ona görə də, bizdən daha çox məsuliyyətli olmaq lazım gəlirdi. Şükür Allaha sonda qalib gələn tərəf olduq. Bu qələbə bizi çox sevindirir.
- "Araz Naxçıvan" ev oyunlarını "Dalğa Arena"da keçirirdi. Qışdan sonra Naxçıvanda oynamaq variantı olarsa, bunu özünaz üçün müsbət hal kimi görürsən?
- Təbii ki. Mən Naxçıvanda "Araz-Naxçıvan" birinci divizionda olanda indiki komanda yoldaşlarımdan fərqli olaraq, orada oynamışam. Orada futbolu necə sevirlər, tribunaları doldururlar, şahidi olmuşam. Naxçıvanda azarkeşlərimizin qarşısında oynamaq, onları sevindirmək bizim üçün böyük motivasiya olardı. Biz bunu çox istəyirik. Burada hər oyun demək olar ki, bizim üçün səfərdir.
- Komanda bu mövsüm çox yaxşı irəliləyir. Hazırda ikinci pillədəsiniz. Qalib mühakimə olunmasa da, maraqlıdır ki, bu sezon uğurlu çıxışınız nə ilə bağlıdır?
- Mehriban kollektivimizdən olmasından irəli gəlir. Allah qoysa, ardı da gəlsin. Hələ yolun əvvəlindəyik. Hər oyununun öz hökmü var. Ona görə konkret hər həftə oynayacağımız rəqibə köklənməliyik. Nəticəni də Allah yetirəcək.
- "Araz-Naxçıvan" uğurlu çıxış etdikcə, gözləntilər də böyüyür və komandadan avrokuboklar uğrunda mübarizə aparmağını gözləyənlər az olmur. Səncə, hazırkı heyət avrokuboklara düşməyə imkan verir?
- Təbii ki, hədəflərimiz böyükdür. Biz də istəyirik ki, avrokuboklara vəsiqə qazanaq. Zaman göstərəcək ki, heyətimiz, gücümüz buna çatacaq, ya yox. Biz sadəcə oyundan-oyuna fokuslanıb çıxırıq. Komandaya da çox güvənirəm. Bilirik ki, hədəf nədi, asan olmayacaq. Amma hər bir çətinliyə birlikdə çata bilərik.
- Növbəti turda rəqibiniz "Sabah"dır. Onlar da liqanın iddialı klublarındandır. Səncə, "Sabah"ı məğlub etmək mümkün olacaq?
- "Sabah" keyfiyyətli, sürətli oyunçulardan ibarət komandadır. Hamımız çətinliyik dərk edirik. Amma biz də yaxşı komandayıq. Özümüzə çox inanırıq. Sadəcə oyun günü özümüzü maksimum oyuna hazır etməliyik. Meydançaya da qələbə qazanmaq üçün çıxmalıyıq.
- Ola bilər ki, komanda Naxçıvanda olsaydı, daha çox təzyiq görərdiz və bu da çıxışınıza təsir edərdi? Bakıda məskunlaşmağınız daha rahat oynamağınıza kömək etmir?
- Futbol azarkeş üçün oynanılır. Azarkeşsiz futbol çox çətin və mənasızdır. Azarkeş dəstəyi futbolu gözəl edən amillərdəndir. Bizim də onlara çox ehtiyacımız var. Azarkeşlərimizin qarşısında oynamaq üçün səbirsizlənirik.
- Tez-tez açıqlamalarında deyirsən ki, öz mövqeyimdə heç kimdən zəif deyiləm. "Araz Naxçıvan" da uğurlu çıxış edir. Səncə, gələn ay milli komandanın düşərgəsinə dəvət ediləcəksən? Fernandu Santuşun diqqətini çəkdiyini düşünürsən?
- Çox istəyərdim ki, Azərbaycan millisinə dəvət edilim. Amma görünür hələ də yetərli deyil. Mənim özüm haqda yazmağım düzgün çıxmaz. Amma iki ildə bu qədər oyuna çıxıram. Stabilliyi saxlayıram, komandama da faydalı oluram. Düşünürəm ki, yaxşı formadayam, lakin dəvət edilmirəm. Ambissiyalı insanam, özümə heç vaxt kimdənsə zəif görmərəm. Bu mənim üslubum deyil. Nə varsa, onsuz da meydançada göstərməyə çalışıram. Məni də bir gün milliyə dəvət etsələr, sevinərəm. Ora düşmək üçün çalışacam. Çünki keçən ildə "Araz-Naxçıvan"da ilk məşqə çıxanda, evdə uşaqlarıma söz vermişəm ki, bu il milliyə düşəcəm. Keçən il olmadı, amma bir gün reallaşacaq. Hədəfim budur.
Mirbağırağa