"Dinamo"nun baş məşqçisi məni yaxından tanıyır, bütün oyunlara baxır" - MÜSAHİBƏ

14:22 - 6 Oktyabr 2024

"Dinamo"nun(Tbilisi) əslən azərbaycanlı hücumçusu Yusuf Mehtiyev Sportal.az saytına müsahibə verib. Gürcüstanın U-19 yığmasına dəvət edilən hücumçu Azərbaycan millisindəki mümkün çıxışından danışıb.

- "Dinamo"da işlərin necə gedir? Əsas komanda ilə məşqlərə cəlb olunursan?

- "Dinamo"da işlərim yaxşı gedir. Hazırda əvəzəedici heyətin üzvüyəm, U-19 yığmasında da oyunlara çıxıram. Bəli, əsas komanda ilə məşqlərə çıxmışam. Baş məşqçi məni əsas komandaya cəlb etmişdi.

- "Dinamo"nun əsas komandasında daimi möhkəmlənmək, oynamaq üçün şans var?

- Əsas komandaya özümü hazırlamaq üçün əlimdən gələni edirəm. Allah qoysa, yaxın zamanda "Dinamo"nun əsas komandasına cəlb olunacam. Özümü inkişaf etdirərək, daimi olaraq əsas komandada oynamağı istəyirəm. Ümidvaram ki, bunu reallaşdıracam. 

- Əsas komandanın baş məşqçisi Ferdinand Feldhofer səni şəxsən tanıyır, heç əvəzedici liqa oyunlarına baxır?

- Bəli, Ferdinand Feldhofer məni yaxından tanıyır. Demək olar ki, əsas komandanın bütün oyunlarına baxır, yaxından izləyir. Ona görə də məni də tanıyır. Dediyim kimi, əsas komandanın heyətində məşqə də çıxmışam.

- Maraqlıdır, heç Azərbaycan Premyer Liqasında yarışan klublardan təklif almısan? 

- Xeyr, Azərbaycan klublarından heç bir təklif olmayıb. Mənim "Dinamo" ilə müqaviləm var. Hələ ki, transfer haqda düşünmürəm. İndi əsas məqsədim "Dinamo"nun əsas komandasına daimi cəlb olunmaq, orada oynamaqdır.

- Vaxtı ilə təcrübə keçmək üçün "Gent", "Standart" kimi komandaların düşərgəsində olmuşdun. Maraqlıdır, belə bir şey yenə gözlənilir?

- Menecerim var, Laşa Jakobiya. O Gürcüstan yığmasının sabiq üzvüdür. İndi də menecerimdir. Onun özü Avropa klubları ilə əlaqədədir. Tez-tez Avropa klubları ilə görüşür, danışır. Özümü tez bir zamanda inkişaf etdirərək, "Dinamo"nun əsas komandasında oynamaq istəyirəm. Ondan sonra hər şey mümkündür.

- Gürcüstanın U-18 və U-19 yığmalarına cəlb edilmişdin. İndi də Gürcüstanın U-19 yığmasına dəvət edilirsən?

- Bəli, Gürcüstanın U-18 və U-19 yığmalarında çıxış etmişəm. Qarşıda da seçmə oyunlar var. Milliyə dəvət edilmək istəyərəm. Necə olacağını görəcəyik.

- Bir ara Azərbaycan yığmasına cəlb olunacağın gözlənilirdi. U-17 və U-19 yığmalarımızda çıxışın gözlənilirdi. Hazırda vəziyyət nə yerdədir? AFFA səni milliləşdirmək addım atıb?

Düzü, Azərbaycan yığmasında oynamaq üçün o vaxtı ilk təklifdən sonra heç bir təklif almamışam. Azərbaycan pasportum yoxdur. Ona görə də yığmada oynamaq şansım yoxdur. Gələcəkdə necə olacağını isə zaman göstərəcək.

Mirbağırağa
 

Xəbər xətti