"Araz-Naxçıvan"ın futbolçusu Vadim Abdullayev Sportal.az saytına açıqlama verib. O, komandasının Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı" üzərində 1:0 hesablı səfər qələbəsindən danışıb. Bununla yanaşı, Naxçıvan təmsilçisinin çempionatdakı ümumi performansını da dəyərləndirib:
"Son turda "Şamaxı"ya qarşı oynadıq. Ağır olacağını yaxşı başa düşürdük. Çünki bizə uyğun stadion da deyildi. Süni örtüklü meydançada oynayırdıq. Bu cür meydança oyunun sürətinə, dinamikasına təsir edir. Amma biz heç bir oyuna asan olacaq düşüncəsi ilə çıxmırıq. Hər oyun çətindir. İndiyə qədər udduğumuz matçların heç biri asan olmayıb. Nə qədər çox üst pillələrdə qalacağıq, oyunlar bizim üçün bir o qədər çətin olacaq. Əsas odur ki, Şamaxıdan üç xalla geri qayıtdıq. Bilirsiz, turnir cədvəlinin üst pillələrində olmağımızdan narazı deyilik. Hətta daha da yaxşısını edə bilərdik. Mövsümün sonu necə olacağını görəcəyik. Biz hər oyunda qələbə qazanmaq istəyirik. Konkret olaraq bir tur sonra hansı komanda ilə oynayacağıqsa, ona köklənirik. Ən yaxşısını etməyə çalışırıq. Hər şeyi verə bilsək, futbolçu, məşqçi və rəhbərlik olaraq hamımız istəsək, uğurlu nəticə əldə edərik. Çempionat çox gərgindir. Hər ay yüksələ də bilərsən, enişə də keçə bilərsən. Önəmli olan hər oyuna köklənmək, motivasiyalı çıxıb, maksimumunu ortaya qoymamqdır. Asan heç nə yoxdur. Biz də bunu dərk edirik, çətinliyin öhdəsindən gəlməyə çalışırıq. İstəyərik ki, belə də davam edək və avrokuboklara vəsiqə qazanan klublardan biri olaq. Bunu çox istəyirik. Həmin məqsədə çata biləcək kollektivimiz var. Mehriban kollektivə sahibik".
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv 11-ci turda "Zirə" ilə üz-üzə gələcək. Abdullayev bu görüşdə qələbə qazanmaq istədiklərini deyib:
"Zirə"yə qarşı oyun ağır olacaq. Rəqibimizin keyfiyyətli legionerləri var. Hamımız bunu bilirik. Onlar yaxşı komandalarımızdan biridir. Ancaq biz də yaxşı komandayıq. Hədəfimiz var. Hər sınaq göstərəcək ki, biz nə dərəcədə hazırıq. Maraqlı və gərgin oyun olacaq, çoxlu mübarizə gedəcək. Kim daha çox istəsə, oyunu qalib başa vuracaq".
Mirbağırağa