"Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, bizim xəbərimiz yoxdur"

21:30 - 27 Oktyabr 2024

"Bilirdik ki, oyun çətin keçəcək. Rəqibimiz "Qarabağ" idi. Birinci hissədə futbolçularımız yaxşı çıxış etdi. Bəlkə də Giorgi Kantariyanın epizodu qol olsaydı, yaxşı alınardı. İkinci hissə isə qapımıza penalti ilə başladı. Ondan sonra istər-istəməz hücum etməyə çalışdıq, oyun açıldı. Rəqib də bundan istifadə etdi. Klub olaraq bu cür oyunlara ehtiyacımız var. Qarşıda bizi daha çətin matçlar gözləyir. Evdə və səfərdə bəzi oyunlar bizim üçün kritik olacaq, xal qazanmalıyıq. Üç gündən sonra kubok matçı var. Ondan sonra "Zirə" ilə görüşə hazırlaşacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 11-ci turun “Qarabağ”la oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Penalti epizoduna necə şərh verərdiniz?

Artıq hakimlikdən danışmaq istəmirəm. Hər oyundan sonra hakimlikdən danışıram. Özümdən də xoşum gəlmir. Mənə görə o epizodda penalti yoxdur. Qaydalar deyir ki, topa toxunuşdan sonra sərt dəyərsənsə, penaltidir. Sərt dəymirsənsə, penalti deyil. Bu epizodda Adil topu çıxarır. Aleksey Kaşukun sürətinin qarşısını almadı. Kaşuk özü də yıxılırdı. Ondan sonra oyunun içində foullar var, verilmir. Hərdən "təzə qaydalar-təzə qaydalar" deyirlər... Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, bizim xəbrimiz yoxdur. Çox da danışmaq istəmirəm.

- "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib ki, hakimlərin ədalətinə inanmıram. Ötən mövsüm də hakimliklə bağlı epizodlar çox olurdu, hətta hakimlərə etiraz etmişdiz, görüşlər baş tutmuşdu. Bu mövsüm də elə görüşlərin təşkilinə ehtiyac var? Bəlkə Klublar Komitəsinin iclasında bunu müzakirəyə çıxarmaq olar?

Hakimlər də səhv edə bilər. Onların üzərinə düşürük. Bəlkə hərdən onlarda da bizə qarşı aqressiya yaranır ki, baş məşqçilər hər oyundan sonra hakimlik barədə danışır. Ancaq gerçək budur ki, performans yüksəlməlidir. Baxırıq da, oyunlar var orada penalti verirlər, bu oyunda eyni epizod olur, vermirlər. Məsələn, bir epizodu deyim, mənim üçün çox maraqlıdır. "Kəpəz"in "Turan Tovuz"la oyunudur deyəsən.. Paçu Liranın ayağını cərimə meydançasında tapdalayırlar. Başqa vaxtlar dərhal penaltidir də. Bəlkə də qaydalar var. Yeni qaydalardı, xəbərimiz yoxdur, bilmirəm. Əlbəttə ki, görüşlər olmalıdır. Hər kəs inkişaf etməlidir. Çünki çempionatımızda kritik oyunlar olur. Görürük ki, hər tur səhvlər təkrarlanır.

Mirbağırağa

Xəbər xətti