"Abubakar "Neftçi"nin bu durumdan çıxması üçün ümid ola bilər" - MÜSAHİBƏ

11:22 - 28 Oktyabr 2025

"Neftçi"nin sabiq futbolçusu Erik Fabian Ramos Sportal.az saytına müsahibə verib.

- “Neftçi”nin bu mövsümkü çıxışını yəqin izləyirsən. Komanda kənardan necə görünür?

Bəli, “Neftçi”ni hər zaman olduğu kimi yenə də izləyirəm. Mənim üçün doğma klubdur. Turnir cədvəlindəki mövqeyi ürəyimcə deyil, amma mövsüm yeni başlayıb. Görək də, necə olacaq.

- Bəs, Vensan Abubakarın tranferini necə qarşıladın?

"Neftçi"nin yeni transferi təqdimata ehtiyacı olmayan futbolçudur. Abubakarın zəngin və gözəl karyerası var. Bilirəm ki, debüt görüşündə də artıq qolunu vurub. Abubakar  "Neftçi"nin bu durumdan çıxması üçün ümidi ola bilər.

- Həmyerlin olan Ortizin performansını necə dəyərləndirirsən?

Mənə görə Ortiz start heyətinin futbolçusu olmalıdır. O, çox maraqlı oyunçudur. Ortizə lazım olan inamı verməlisən. Mütləq şəkildə onun səviyyəsi daha yüksəkələcək. Hər oyun epizodunda daha yaxşı bacarığını göstərir.

- "Qəbələ” ilə matçda Abubakara asist etdi. Sanki tez bir zamanda bir-birini yaxşı başa düşməyə başlayıblar...

Maraqlı bir duet olardı, Ortizlə Abubakar. Bəli, oyunu izləyirdim, Abubakara yaxşı asist etdi. Dediyim kimi, ona inam verməlisən, şans yaratmalısan. Ümid edirəm ki, bu qələbədən sonra “Neftçi” ardıcıl oyunlarda qalib gəlməyə, ilk yerlər uğrunda mübarizə aparmağa başlayacaq. Çünki zamanı da yetişib.

- Emil Mpenza transfer edildi və “Neftçi” çempion oldu. Keysuke Hondanın gəlişi də komandaya çempionluq gətirdi. İndi isə Vensan Abubakar komandaya cəlb edilib. “Neftçi”nin yenidən çempionluğunu gözləmək olar? Sanki tanınmış futbolçuların transferi komandaya çempionluq gətirir. Təsadüfdür, yoxsa tanınmış futbolçuların çempionluqda payı daha çoxdur?

Mənim üçün bu, sadəcə təsadüfdür. Amma təcrübəli oyunçular gəlib “Neftçi” ilə çempion olurlarsa, çox xoş qarşılanır. A sinifində olan tanınmış futbolçuya sahib olmaq da, çox vacibdir. Üstəlik, komandanın qol vuran oyunçusu varsa, hər şey daha asandır. 

- Yəni, “Neftçi”nin Abubakar transferindən sonra daha güclü olacağını düşünürsən....

Bəli. Bunu ilk oyunda da gördük. “Qəbələ” ilə oyuna sonradan daxil oldu və lazım olanı etdi. Fikrimcə, Abubakar "Neftçi"nin ehtiyacı olduğu forvarddır. Daha da yaxşı olacaq. 

Mirbağırağa
 

Xəbər xətti