"Zirə" Misli Premyer Liqasının 33-cü turunda "SOCAR Polymer Arena"da "Araz-Naxçıvan"a 2:3 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
"Çempionatın son oyunu idi. Avrokuboklara getmək üçün heç bir şansımız qalmamışdı. Oyuna hazırlaşmaq çətin idi. Buna baxmayaraq futbolçular əzmkarlıq nümayiş etdirdilər. Son tur olmasına baxmayaraq bütün komandaların futbolçuları əzmkar oyun göstərirlər. Bu gün də elə bir oyunun şahidi olduq. Hər iki komanda sona qədər qələbə üçün əlindən gələni etdi. Heç-heçə də ola bilərdi, qələbə də qazana bilərdik. Yaxşı qol epizodlarımız oldu. Sadə səhvlərdən qollar buraxdıq. Bu gün mövsümü tamamladıq. Bundan sonra gələcəyi düşünmək lazımdır. Futbolçulara, rəhbərliyə, azarkeşlərə təşəkkür edirəm. Önümüzə baxmalıyıq".
- Premyer Liqada ümumi mövsümü necə dəyərləndirirsiniz?
- Avrokuboklarda iştirak edəcək bütün klublara uğurlar arzulayıram. Hər biri layiq idi. Məyus edən məqamlar meydançalar, oyunların fərqli-fərqli stadionlarda olması, bir komandanın ev stadionu kimi 3-4 arenadan istifadə etməsidir. Hazırda biz məğlub olan tərəfik. Bu mövzuda daha ətraflı danışmağı planlaşdırırdım. İstədiyimiz nəticəni əldə etmədiyimizə görə danışmayacam. Fərqli anlaşılmasını istəmirəm.
- İlk iki qolla bağlı fikrinizi bilmək istəyirdim...
- Aydın Bayramov özü də başa düşür ki, ilk qol daha çox onun məsuliyyətidir. Amma Patrik Andrade də çox ağıllı zərbə vurdu. İkinci qoldan baş açmadım. VAR əsas hakimi monitora çağırdı. Nədənsə hakim öz qərarının üzərində durdu. Bizdə belə bir şey olanda uzun müddət danışıldı, hələ də danışılır, hakim cəzalanıb. Görək bugünkü epizodla bağlı şərhlər və izah necə olacaq. Bu oyunda və "Sumqayıt"la matçda qaçırdığımız epizodlar və buraxdığımız qollar bütün mövsümün göstəricisidir. Bir çox qarşılaşmalarda keçənilkindən daha yaxşı oynayırdıq. Amma bunu nəticəyə çevirə bilmirdik. Bizdə nəticəyə baxılır. Eyni oyunu oynayırsan. Nəticə varsa, hər şey əladır, olmayanda isə pisdir. Buna görə də oyunu dərindən təhlil etmək istəmirəm.
- Bir açıqlamanızda demişdiz ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan 4 komandadan üçündə əcnəbi baş məşqçi var, yalnız siz yerli məşqçisiz. Avrokuboklara gedən klubların üçünü əcnəbi mütəxəssis çalışdırır. Çempionata baxanda əcnəbi baş məşqçi amilinin nə dərəcədə rol oynadığını düşünürsüz?
- Bu məşqçilərin gəldiyi klublar ambisiyalı klublardır. İstər "Sabah" olsun, istər "Neftçi". Hər ikisində də klub rəhbərliyi böyük işlər görüb. "Turan Tovuz"a gəldikdə, Kurban Berdiyevdən öncə Ayxan Abbasov orada çox ciddi işlər görmüşdü. Orada uğurlu olan məqam odur ki, hər iki məşqçinin oyun sistemi, fəlsəfəsi oxşardır. Kurban Berdiyev də öz təcrübəsini qataraq, yeni transferlər edərək komandanı yeni səviyyəyə çıxardı. Amma deyə bilmərik ki, legioner məşqçilər gələndən sonra daha fərqli şeylər oldu. Klub rəhbərləri çox ciddi işlər görür. Təbii ki, məşqçinin rolu var. Amma klubun gördüyü işləri də danmaq olmaz. Hər klub çox ciddi seleksiya aparır. Xüsusilə də iddialı klublar. "Sumqayıt"da, "Araz-Naxçıvan"da, "Turan Tovuz"da, "Sabah"da, "Neftçi"də, "Qarabağ"da ciddi seleksiya gedib. Bunu edən, vəsait ayıran, məşqçilərə şəraiti yaradan klub rəhbərləridir. Əvvəlki illərə baxsaq, görərik ki, seleksiyaya o qədər də pul ayrılmırdı. Bu gün klubunun rəqabətə tap gətirməsi üçün hamı əlindən gələni edir. İnanıram ki, bu il ən azı üç klubumuz pley-off oynayacaq. Ümidliyəm.
- Bir klub prezidenti demişdi ki, avrokuboklarda maliyyə əsas rol oynayır. 25-30 milyonluq üç klubumuz var. Onlarla rəqabətdə avrokuboklara vəsiqə qazanmaq çətinləşmir?
- Çətin olmasına çətindir. Ən vacib olan yay fasiləsində seleksiyada uduzmamaqdır. Başa düşürük ki, "Sumqayıt" və "Araz-Naxçıvan" yenə iddialı olacaq. Gələn il bizi daha da rəqabətli çempionat gözləyir. Biz də əlimizdən gələni edəcəyik ki, bu rəqabətə tab gətirək və avrokuboklara vəsiqə qazanan. Uzun illərdir ki, Azərbaycan çempionatda əsas hədəf avrokuboklara qatılmaqdır. Son iki ildə ikinci olmuşuq, Konfrans Liqasında pley-offa gədər getmişdik. Bu da rəqiblərdə bizə qarşı məsuliyyəti artırırdı. Bu, normal haldır. Düşünürəm ki, bəlkə də gələn il bizim üçün daha rahat olacaq.
- Turnir cədvəli baxımından heç bir əhəmiyyəti olmasa da, klub rəhbərliyi stadionda idi. Düşünürsüz ki, bu hal növbəti mövsümdə davamlı olacaq?
- Orxan Məmmədov futbol adamıdır, uzun illərdir ki, bu sahədə fəaliyyət göstərir. Bu klub 12 ildir yaşayır. Mən 6 ildir buradayam. Hədəfə çatmayanda, böyükhesablı məğlubiyyət olanda heç vaxt futbolçuları, məşqçi heyətini tənqid etmək olmayıb. Müzakirələr, təhlillər, məsləhətlər, nəsihətlər olub. Komanda uzun illərdir irəliləyir. Kubokun finalında məğlub olanda da Orxan müəllim meydançaya düşdü, futbolçuları təbrik etdi. Ondan sonra da hər oyunda komandanın yanındadır. Bu, bir daha onun komandaya, futbola olan sevgisini və təfəkkürünü göstərir. Orxan müəllimdə böyük futbol təfəkkürü var. Biz də ona dəstəyinə görə təşəkkür edirik. Əlimizdən gələni etdik. Sadəcə olaraq istədiyimiz nəticəni əldə etmək üçün bəzi şeylər çatmadı.
Elçin Əlixan
saytlarin hazirlanmasi
