Pantiç kimlərə söz atdı: "İmkan versələr, istəyimiz qələbə qazanmaqdır"

15:33 - 24 Oktyabr 2013

"Ortada başqa nüanslar var ki, bizə maneə törədir"

 

 

“Azərbaycan Premyer Liqasında asan qarşılaşma görməmişəm. Mən də istəyirəm ki, rahatlıqla qələbə qazanaq. Nəinki “Rəvan”a, heç bir komandaya yuxarıdan aşağı baxmıram”. Sportal.az xəbər verir ki bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.

Sabah “Bakı” 11-ci tur çərçivəsində “Rəvan”ın qonağı olacaq. “Zolaqlılar”ın serbiyalı çalışdırıcısı paytaxt derbisi öncəsi fikirlərini “Bakı”nın rəsmi saytına açıqlayıb.

Pantiç “Rəvan”la oyun haqqında bunları deyib: “İmkan versələr, istəyimiz qələbə qazanmaqdır. Təbii ki, burda “Rəvan”ı nəzərdə tutmuram. Ortada başqa nüanslar var ki, bizə maneə törədir. Yaxşı düşüncələrimiz var, daim onu meydana sirayət etdirmək planı cızırıq. Hər bir peşəyə və hər bir insana hörmət edirəm. Amma özümü daha güclü sayıram. Yetirmələrimin də mənim kimi düşünməsini istəyirəm. İlk dövrədən fərqli, indi rəqib komandanı PRO kateqoriyalı Şahin Diniyev çalışdırır. Bilirəm, onun da bizə qarşı hazırladığı taktiki planlar var. Bu gün məni ilk növbədə “Bakı” maraqlandırır, “Rəvan” ikinci yerdədir. Futbolçularıma inanır və qələbə qazanmaq yönündə qorxum yoxdur”.

47 yaşlı çalışdırıcı turnir cədvəlindəki 5-ci yerdə olmaları haqqında da danışıb: “Turnir cədvəlinə gəlincə, reallıqda “Qarabağ” və “Neftçi” 7 xal bizdən öndədir. Amma onlarla çempionatın sonuna kimi 3 oyunumuz qalıb. Elə problemlər var ki, gecədən gündüzə həll olunmur. Hazırkı mövqeyimiz səbirlə vəziyyəti öz xeyrimizə dəyişəcəyimizi xarakterizə edir”.

Qeyd edək ki, “Rəvan” – “Bakı” oyunu 18:00-da başlayacaq. Qarşılaşma “Bayıl Arena”da keçiriləcək.
 

Xəbər xətti