Con Toşak:"Xəzər Lənkəran"ın hər yerdə sadiq azarkeşləri var"

14:45 - 25 Oktyabr 2013

"Hər zaman kubok qazanmaq gözəl hiss yaradır, amma artıq çempionatı düşünməliyik"
 
"Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak bu gün keçirilən səhər məşqindən sonra klubumun rəsmi saytına açıqlama verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın Azərbaycan Superkubokunun keçirildiyi Naxçıvan Muxtar Respublikasında olduğu üç gün müddətində aldığı təəssüratdan və qarşıdakı “Qarabağ”la premyer-liqa oyununa hazırlıqdan danışıb.
 
“İlk olaraq deyim ki, Naxçıvanda yerləşdiyimiz otel, otelin personalı bizə qarşı çox qonaqpərvər davrandılar. Təhlükəsizliyimiz üçün lazım olan bütün diqqət alqışa layiq idi və elə polislər də nümunəvi davranışları ilə yadda qaldılar. Çox təmiz havası olan Naxçıvanda hər tərəflə əhatə olunmuş dağlar da şəhər mərkəzinə əlavə gözəllik verirdi. Xüsusən bir rəngdə olan taksilər və sürücülərin uniformada olması diqqətimi çəkdi. Maraqlanıb biləndə ki, taksilər yerli istehsaldır yadıma FİATın İtaliyada yayılması düşdü. Bundan əlavə küçələrdə şütüyən avtomobillər çox təmiz idi. Məncə Avropada Naxçıvan haqqında geniş məlumatları yoxdur. Hamı Bakı, Bakı deyir, amma belə bir gözəl məkanda varmış. Ən çox da bizi matç ərzində dəstəkləyən naxçıvanlı azarkeşlərə minnətdaram. Görünür “Xəzər Lənkəran”ın hər yerdə sadiq azarkeşləri var. Bir sözlə Naxçıvan məndə inanılmaz xoş təəssürat oyatdı. Qarşıda isə “Qarabağ”la çox çətin bir oyunumuz var. Hər zaman kubok qazanmaq gözəl hiss yaradır. Amma artıq çempionatı düşünməliyik. Bildiyiniz kimi biz burada olmadığımız müddətdə Lənkəranda ardıcıl yağışlar yağıb. İndi məşq keçmək üçün elə proqram tərtib edirik ki, əsas və ehtiyat meydançalarımız korlanmasın. Ümumiyyətlə Lənkərana tez-tez yağış yağdığından əlavə süni qazonu olan meydana ehtiyac yaranır. Bu problemi həll edəcəyik. Azarkeşlərimizi sevindirmişik və inanıram ki, onlar “Qarabağ”la oyunda tribunaları dolduracaqlar!”

Xəbər xətti