- Çoxlu qol epizodlarınız olsa da, fərqlənə bilmədiniz...
- Biz ilk hissədə bir neçə qol imkanından istifadə edə bilmədik. İkinci yarıda isə ümumiyyətlə 100 faizlik epizodları sağa-sola xərclədik. Mənim nə qədər qol imkanım oldu. Amma yararlana bilmədim. Elə bil ki, bağlanmışam. Qismətdir. Qurban olum Allaha, inşallah, yaxşı olar.
- Ümumiyyətlə, “Neftçi” “Simurq”a qarşı çətinliklə mübarizə aparır. Hesab çox vaxt ya heç-heçə, ya da minimal olub. Bunun səbəbini nədə görürsünüz?
- “Simurq” mübarizə aparmağı sevən komandadır. Biz də, onlar da ötürmələrlə futbol oynayırıq. Onlar bir az ikili mübarizələrdə güclüdür. Ona görə də həmişə bizimlə onların oyunu prinsipial keçir. Sizin dediyiniz kimi, ya 0:1 uduzuruq, ya da eyni hesabla biz qalib gəlirik. Ancaq bu oyunda komandamız layiq olduğu nəticəni qazana bilmədi. Biz qələbəyə layiq idik, ancaq bəxtimiz gətirmədi.
- Oyun zamanı “Neftçi” azarkeşlərinin sizi tənqid etməsi ilə bağlı nə deyə bilərsiniz?
- Bunu mən də başa düşə bilmədim. İlk dəfədir ki, azarkeşlərdən mənə qarşı belə bir şüarlar eşidirdim. Mən neyləmişəm ki, onlar mənə qarşı belə edirlər?
- Şanslarınızdan yararlana bilməyincə, sizi “boş qapılar kralı – Cavid” adlandırdılar. Buna reaksiyanız necədir?
- Mən buna bir fikir bildirməyəcəyəm. Onlar azarkeş, mən isə futbolçuyam. Azarkeşlər mənə nə istəsə deyə bilərlər.
- Azarkeşlərin əleyhinizə belə qışqırması oyununuza da müəyyən mənada təsir etdimi?
- Əlbəttə ki, təsir etdi. Oyunda 1-ci və 2-ci qol imkanlarımı qaçırınca, mənim əleyhimə qışqırmağa başladılar. Futbolçuyam, belə şüarları eşidincə, istər-istəməz psixoloji cəhətdən özümü itirirəm.
- Qarşıdan “Xəzər Lənkəran”la oyun gəlir. “Böyük oyun”la bağlı da fikirlərinizi bilərdik...
- Biz hər oyuna 3 xal qazanmaq üçün çıxırıq. Qarşıdakı "Xəzər Lənkəran"la oyunda da qələbə üçün meydana çıxacağıq. Qələbə qazanmalıyıq, başqa variantımız yoxdur. Superkubokda onlara uduzmağımıza baxmayaraq, meydana qisas almaq üçün yox, qələbə qazanmaq üçün çıxacağıq. Biz finalda kuboku qazanmışıq. Düzdür, onlar bizi məğlub edib Superkuboku qazandılar, təbrik edirəm. Ancaq biz qisas üçün yox, 3 xal qazanmaq üçün meydana çıxacağıq.