İaşvili:"Hamı gördü ki, "İnter" düşdüyü çətin vəziyyətdən çıxa bildi" MÜSAHİBƏ

21:40 - 29 Oktyabr 2013

"İlk turlarda rəqiblərimizə xalları hədiyyə etdik"
 
 
"İnter"in hücumçusu Aleksandr İaşvilinin müsahibəsi
 
- “İnter” sənin yoxluğunda AZAL üzərində qələbə qazandı. Oyunla bağlı fikirlərin necədir?
 
- Çətin oyun oldu. Ümumiyyətlə, futbolda heç vaxt asan oyun olmur. AZAL-la matçda “İnter” daha güclü idi və layiq olduğu qələbəni qazandı. O ki qaldı mənə, ötən həftə məşq edə bilməmişdim. Qripə yoluxduğum üçün məşqləri buraxmaq məcburiyyətində qalmışdım. Məşqçilər korpusu adımı “18-liy”ə salmışdılar ki, bəlkə son 10-15 dəqiqədə mənə ehtiyac oldu.
 
- “İnter” cari mövsümə çox uğursuz start götürdü. Ancaq son turlarda komanda “qara zolaq”dan çıxmağa çalışır. Maraqlıdır, çempionatın əvvəli ilə müqayisədə “İnter”də nəsə dəyişibmi?
 
- Komandaya yeni futbolçular gələndə adaptasiya üçün həmişə vaxta ehtiyac olur. Bundan əlavə, komanda öz oyununu tapmalıdır. Son 5 turda görünür ki, “İnter” oyununu tapıb.
 
- Ancaq gəl razılaş ki, “İnter” hələ də azarkeşlərin görmək istədiyi “İnter” deyil…
 
- Bu fikrinizlə həm razıyam, həm də yox. Düzdür, çempionatın əvvəlində “İnter” özünə bənzəmirdi. Lakin son 5 turda komanda 10 xal toplayıb. Həqiqətən də, artıq yaxşı oyun göstəririk. Ancaq razıyam ki, biz daha çox çalışmalı və bundan da yaxşı oynamalıyıq.
 
- Növbəti turda “Rəvan”la oynayacaqsınız. Yəqin ki, hədəf 3 xal qazanmaqdır…
 
- Elədir. Oyun bizim meydançada keçiriləcək. Buna görə də, mütləq qələbə qazanmalıyıq. Əsas odur ki, “İnter” yaxşı komandadır. Hamı gördü ki, düşdüyümüz çətin vəziyyətdən çıxa bildik. Biz bunu birlikdə bacardıq.
 
- “İnter”in yayda heyətinə qatdığı futbolçulardan biri oldun. Yeni komandana tam olaraq, uyğunlaşa bilmisənmi?
 
- Bəli, özümü “İnter”də çox yaxşı hiss edirəm. Əla kollektivimiz var. Oyundan-oyuna komandada proqress hiss olunur. Turnir cədvəlində irəliləmək üçün hamı əlindən gələni edir.
 
- “İnter”in qarşısına bu mövsüm hansı hədəflər qoyulub?
 
- Təbii ki, mövsümə uğursuz başladıq. İlk turlarda rəqiblərimizə xalları hədiyyə etdik. Ancaq indi yüksəlişdəyik. Mövsümə başlayanda da hədəf ilk “üçlük”də yer almaq idi, indi də elədir.
 
- Hansı komandaları “İnter”in əsas rəqibləri hesab edirsən? Ümumiyyətlə, Azərbaycanda oyununu bəyəndiyin komanda varmı?
 
- Azərbaycanda yaxşı oyun sərgiləyən, hücum futbolçu göstərən komandalar çoxdur. Bu mənada, kimisə fərqləndirmək istəməzdim. Əsas öz oyunumuzdur.
 
- Hər halda, daha təhlükəli saydığın komandalar var…
 
- “Qarabağ”, “Neftçi”, “Bakı” və “Qəbələ”nin adını çəkərdim.
 
-  Almaniya çempionatında oynamış futbolçu kimi, cavabın maraqlıdır. Azərbaycan futbolu hansı səviyyədədir?
 
- Bu suala cavab vermək çətindir. Əsas odur ki, Azərbaycan futbolu irəli gedir və burada futbolun inkişafı üçün böyük işlər görülür.
 
- Kaxaber Sxadadze ilə işləmək çətindir, ya asan?
 
- Biz “Kaxa”yla çoxdan dostluq edirik. Yığmada bir yerdə də oynamışıq. Bir-birimizə böyük hörmətimiz var. Onunla çalışmaq mənim üçün rahatdır.
 
- Almaniya çempionatında oynaya biləcək azərbaycanlı futbolçu varmı?
 
- Çox çətin sual oldu. Bunu mən bilmirəm. Ona görə də, cavab verməkdə çətinlik çəkirəm.
 
forvard.az

Xəbər xətti