Nikola Yurçeviç: "Slaven Biliç oyundan dərhal sonra məni təbrik etdi"

10:50 - 11 Sentyabr 2019

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı 24sata.hr saytına açıqlama verib..

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis futbolçulardan razı qaldığını deyib:

 

"Futbolçularımızın hamısı meydanda ən yaxşı idi. Xorvatiya kimi komandaya yalnız bu yolla qol vurmaq olar. Bu heç-heçənin Xorvatiyaya böyük zərər verəcəyini düşünmürəm. Əminəm ki, onlar vəziyyəti dramatik hala salmadan final mərhələsinə vəsiqə əldə edəcəklər”.

 

52 yaşlı mütəxəssis 11-ci dəqiqədə Azərbaycan millisinin qapısına təyin edilən penalti epizodu barədə danışıb:

 

“Mənə elə gəldi ki, penalti deyil. Komandamızın meneceri dərhal telefonunda həmin epizodun videogörüntüsünü göstərdi və bundan sonra izahat almaq üçün 4-cü hakimin yanına getdim".

 

Yurçeviç bildirib ki, oyundan sonra rəqib komandanın baş məşqçisi Zlatko Daliç onunla görüşməsə də, uzun illər birgə çalışdığı Zlaven Biliçdən təbrik mesajı aldığını deyib: "Oyundan dərhal sonra Slaven Biliç zəng vuraraq, göstərdiyimiz oyundan şad olduğunu bildirdi və bir dost kimi məni təbrik etdi".

Xəbər xətti