"Araz-Naxçıvan"dan "Neftçi"yə 6 cavabsız qol

20:25 - 11 Fevral 2025

Futzal üzrə Yüksək Liqada bu gün IX turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, ilk oyunda iki iddialı komanda üz-üzə gəlib. Qış transfer pəncərəsindən istifadə edərək, xüsusilə də legionerlərlə güclənən komandaların duelini “Araz-Naxçıvan”dan Xəzər Ağalızadə buraxırdı. Millinin üzvü cəzalı olduğuna görə komandasına kömək edə bilmədi. Namiq Məmmədkərimov da zədəli olduğuna görə matçı ehtiyatdan izlədi.

Oyun gözlənildiyi kimi gərgin, aqressiv mübarizə şəraitində keçdi. Fasiləyə qədər bir qol vuruldu. Hər iki tərəfin real qol epizodları olsa da,  hesab standart vəziyyətdən açıldı. Artıq 12-ci dəqiqədə foul limitini dolduran “Neftçi” İK 14-cü dəqiqədə rəqibə 10 metrlik zərbə vurmaq imkanı verdi. Matheus dəqiq oynamaqla yeni komandasının heyətində çempionatda ilk qolunu vurdu.

İkinci hissə daha məhsuldar keçdi. Amirhossein Rasuli 4 qol vurmağı bacardı. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi”ni növbəti dəfə Lazar Milosavljeviç meydanın mərkəzinə dəvət etdi. Yekunda inamlı qələbə qazanan “Araz-Naxçıvan” “Neftçi” ilə xal fərqini 2-yə endirməyi bacardı.  

İkinci oyun lider üçün məşq xarakterli keçdi. İaqonun 8 qol vurduğu görüşdə “Baku Fire” böyükhesablı qələbə ilə xal ehtiyatını artırmış oldu.

Tura U-19 – “Şuşa” görüşü ilə yekun vuruldu. Bu oyuna marağı artıran məqamlardan biri də yanvarda keçirilən Azərbaycan kubokunun ¼ final mərhələsində gənclər millisinin “Şuşa”nı yenməsi və yarımfinala yüksəlməsidir. Fasiləyə komandalar “sülh”lə yollandı. Əvvəlcə “Şuşa” hesabı açdı, ardınca avtoqol sayəsində U-19 qol xanasındakı sıfırı birlə əvəzlədi. İkinci hissəyə də komandalar erkən qollarla başladı. Əvvəlcə U-19 hesabı xeyrinə dəyişdi. 13 saniyə sonra nominal qonaqlar status-kvonu bərpa etdi. Görüşün taleyini həll edən qol isə final fitinə 1 dəqiqə qalmış vuruldu.

Neftçi İK – Araz-Naxçıvan (0:1) 0:6
11 fevral. Olimpik Star. Saat 14:00

Yasamal Bakı – Baku Fire (0:4) 1:10
11 fevral. Olimpik Star. Saat 16:00

U-19 – Şuşa (1:1) 3:4
11 fevral. Olimpik Star. Saat 18:00

Xəbər xətti