"Artıq qərar qəbul edilib, indidən sonra bir söz nəsə demək nəyisə dəyişməyəcək" - MÜSAHİBƏ

12:17 - 13 Fevral 2025

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Sportal.az saytına müsahibə verİB.

- "Turan Tovuz" Premyer Liqanın 22-ci turunda “Sabah”la qarşılaşdı və rəqibinə 1:2 uduzdu. Halbuki komanda birinci hissədə yaxşı performans göstərmişdi. Səncə, nəyə görə məğlub oldunuz?

- Dediyiniz kimi, komandamız ilk hissəni yaxşı keçirdi. Ancaq fasilədən sonra oyuna tam konsentrasiyalı başlaya bilmədik. “Sabah” da bundan istifadə edərək qapımıza iki qol vurdu. Təəssüf ki, sonda da uduzduq. 

- Bu görüşdə mübahisəli epizodlar var idi. Daha dəqiq desək, buraxdığınız ilk qoldan öncəki epizodda Rəhim Sadıxova qarşı qayda pozuntusu qeydə alınmadı. Baş hakim həmin vaxtı qayda pozuntusu qeydə almadı. Ümumiyyətlə, bu oyunu psixloji olaraq üstünüzdən ata bilmisiz?

- Bəli, qoldan öncə Rəhim Sadıxova qarşı qayda pozuntusu var idi. Lakin hakim bunu görmədi. Düzdür, bu bizim üçün bəhanə ola bilməz. Səhvlərimizdən dərs çıxarıb, gələcək oyunlara hazırlaşacağıq. Artıq növbəti görüşə konsentrasiya olmuşuq. 

- “Turan Tovuz" üçün turnir cədvəlində yüksəlmək baxımından yaxşı şans idi. Çünki əsas rəqibləriniz "Araz-Naxçıvan" qələbə qazana bilmədi, "Zirə" də məğlub oldu. Halbuki qalib gəlsəydiniz, bu rəqiblərə yaxınlaşacaqdınız. Yəqin ki, buna görə məğlubiyyətinizə ikiqat üzüldünüz?

Onsuz da, hər məğlubiyyət üzücü olur. Çempionat bir oyunla bitmir, marafon davam edir. Sonda necə olacağını isə zaman göstərəcək. Biz mübarizəyə davam edirik. 

- “Turan Tovuz”un turnir cədvəlində 2-ci və ya 3-cü pilləyə yüksəlmək şanslarını necə dəyərləndirirsən? Səncə, bunu bacara biləcəksiz? Qarşıdakı turda "Araz-Naxçıvan"la qarşılaşacaqsınız...

- Mövsümün sonuna qədər maksimum xallar toplamaq istəyirik. Əlbəttə ki, “Araz-Naxçıvan”la matçda qələbə qazanmaq şansımız varsa, bunu maksimum dəyərləndirməyə çalışacağıq. Hər oyuna olduğu kimi, “Araz-Naxçıvan”la görüşə də qələbə qazanmaq üçün çıxacağıq. Ümidvaram ki, istədiyimizi reallaşdıra biləcəyik. Amma asan oyun olmayacağı dəqiqdir.

- Hələ ki, "Araz-Naxçıvan"ı bu mövsüm məğlub edə bilməmisiz. Bunun özü sizdə motivasiya yüksəldir, yoxsa əlavə basqı, gərginlik yaradır?

- Təbii ki, bu məqam bizə motivasiya verir. Üzərimizdə hansısa basqı, gərginlik görmürəm. “Araz-Naxçıvan”la görüşə yaxşı hazırlaşıb, qələbə qazanmağa çalışacağıq.

- 2024/2025 mövsümündən legioner limiti ləğv ediləcək. Yeri futbolçuların əksəriyyəti buna görə narazılıq bildirir. Sənin bu məsələ ilə bağlı fikrin necədir? Yeni sezondan əsas heyətdə oynamaq, klub tapmaq çətin olmayacaqki?

- Artıq qərar qəbul edilib. İndidən sonra bir söz nəsə demək nəyisə dəyişməyəcək. Bunun futbolumuza necə təsir edəcəyini gələcəkdə görəcəyik. Bizim üzərimizə düşən məsələ çox işləyərək, oynadığımız klubda əsas heyət futbolçusu olmağa çalışmaqdır.

Mirbağırağa

Xəbər xətti