Ukraynadakı azərbaycanlı: "Milli komandada oynamaq üçün diqqət çəkmək lazımdır"

13:22 - 13 Fevral 2025

"Düzü, mənə başqa klublardan da təkliflər var idi. Amma bütün məsələləri götür-qoy edərək, “Çernomorets”ə keçməyə qərar verdim. Məni komandada yaxşı qarşıladılar. Bu komanda üçün əlimdən gələni edəcəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Çernomorets"in futbolçusu Emil Mustafayev deyib.

Bu qış "Polessye"dən "Çernomorets"ə icarəyə verilmiş Azərbaycan millisinin üzvü Odessa klubundakı perspektivindən bəhs edib. O, Azərbaycan millisindən dəvət gəlmək ehtimalından da danışıb:

"Milli komandada oynamaq üçün diqqət çəkmək lazımdır. Düzü, “Polessye”də çox da oynamırdım. Meydanda olduğum qısa müddətdə isə özümü göstərməyim çətin idi. Düşünürəm ki, “Çernomorets”ə keçidimdən sonra özümü yaxşı tərəfdən göstərmək daha çox şansım olacaq. Mən hər zaman Azərbaycan millisində oynamağa və komandaya hər şeyimi verməyə hazıram".

23 yaşlı yarımmüdafiəçi 2025-ci il iyunun 30-na qədər “Çernomorets”də icarə əsasında çıxış edəcək. O, 2027-ci il iyunun 30-na qədər “Polessye” klubuna məxsusdur.


 

Xəbər xətti