Azərbaycanlı futbolçunun xanımı: "Aminin də "Rubin"də oynaması çox maraqlı olardı"

15:11 - 23 İyul 2021

Azərbaycan milli komandasının üzvü, yenicə "Rubin"ə transfer olan Aysun Əliyeva Sportal.az saytına müsahibə verib:

 

- Bir neçə gün əvvəl “Rubin”ə keçdiniz. Transferiniz necə baş tutdu? 
- Bu kluba keçidim Gürcüstandakı təlim-məşq toplanışından sonra baş tutdu. Orada iki yoxlama görüşü keçirdik. Oyunumuza klub rəhbərləri baxırmışlar. Bununla yanaşı internet vasitəsilə matç canlı yayımlanırdı. Elə həmin oyunlarda məni bəyəndilər və dəvət göndərdilər. 

 

- Maraqlıdı, başqa klublardan təklif almışdınız?
- Əslində başqa klublardan da dəvətlərim var idi. Türkiyə və Gürcüstan klublarından təklif almışdım. Ancaq Rusiya çempionatı daha güclü olduğuna görə buranı seçdim.

 

- "Rubin"də əsas məqsədiniz nədən ibarət olacaq? Nəzərə alaq ki, komandanın turnir cədvəlindəki mövqeyi o qədər də yaxşı deyil..
- Əsas məqsədim komandaya az da olsa kömək etməkdi. Bilirsiniz ki, sentyabrda milli səviyyəsində Rusiyaya qarşı oyunumuz olacaq. Rusiya çempionatında çıxış etməyin ən yaxşı tərəfi odur ki,  millidəki rəqiblərimizi daha yaxından tanıyırıq. Düzdü, klubumuz hazırda turnir cədvəlinin son pilləsində qərarlaşıb. Çünki cavan və təcrübəsiz oyunçularımız var. Komanda cəmi 5 aydır ki, birinci liqada çıxış edir. İnanıram ki, gələcəkdə “Rubin” öz adından söz etdirən komandalardan olacaq.
 
- Sizinlə yanaşı daha iki azərbaycanlı futbolçu “Rubin”ə keçdi. Bu mənada, adaptasiya sarıdan problem yaşamayacağınızı düşünmək olar?
- Əslində burada 5 nəfərik. Bu da bizim üçün çox yaxşıdı. Tək olanda daha çətin olur. Amma millidən komanda yoldaşlarımızla birlikdə eyni klub üçün mübarizə aparanda asan olur. Həm məşqdə, həm də məşqdən kənarda belədi.


- Kişi futbolçularımızın xaricə yollanmağa can atmadığı bir vaxtda, qadınlardan ibarət yığmamızın əksər üzvlərinin legioner həyatı yaşamaq istəməsi maraqlıdı. Nəyə görə belədi?
- Hamımız bilirik ki, kişi futbolçuların legioner həyatı yaşaması qadınlarla müqayisədə o qədər də asan deyil. Can atanlar da var, sadəcə bəxtləri gətirmir. Can atmayanlar haqda nəsə deyə bilmərəm. Praktikamız çox olsun, milli komandanın təlim-məşq toplanışına hazır gələk deyə, legioner həyatı yaşamağa can atırıq.

 

- “Rubin”ə keçməmişdən əvvəl, Kazan klubundan təklif gələndə, həyat yoldaşınız Amin Seydiyevlə məsləhətləşdiniz? 
- İstənilən təklifdə öncə Aminlə danışırıq, məsləhətləşirik. Onun məsləhəti və dəstəyi mənim üçün çox önəmlidi. 

 

- Gələcəkdə, Aminin də “Rubin”in kişi komadasında oynaması daha marqlı olmazdı? Sizcə, onun belə şansı, variantı ortaya çıxa bilər?
- Çox maraqlı olardı. Kim bilir, bəlkə Aminin də belə şansı olacaq.

 

- Yerli mütəxəssislər Azərbaycan millisinin zəif nəticələrini legioner həyatı yaşayan futbolçularımızın çox olmaması ilə əlaqələndirir. Amma qadınlardan ibarət milli komandamızın üzvlərinin əksəriyyəti legioner həyatı yaşasa da, millinin nəticələri yenə də zəifdi. Burada belə qənaətə gəlmək olar ki, hər şey legioner həyatı yaşayan futbolçularımızın çox olub-olmamasından asılı deyi?
- Əslində bu suala cavab verməməyi üstün tutardım. Amma həyatda heç bir iş əziyyət çəkmədən və illərlə həmin işi mükəmməlləşdirmədən alınmır. Azərbaycanda qadın futbolunun tarixini biz yazacağıq. Sadəcə buna zaman lazımdı.

Xəbər xətti