Aftandil Hacıyev: "Bu gün daha yaxşı oynadıq"

21:59 - 25 Oktyabr 2021

"Səbail" Azərbaycan Premyer Liqasının 8-ci turunda doğma meydanda "Qarabağ"ı 3:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev jurnalistlərin suallarını cavablandırıb:

 

"Çox sürətli və maraqlı oyun izlədik. Bəlkə də burada olduğum müddətdə ən yaxşı oyunumuz idi. Futbolçularımla fəxr edirəm. Matçdan öncə hamısına bildirmişdim ki, inanmaq lazımdır. Diqqətli oynayanda istənilən rəqibə qarşı mübarizə apara bilirik. Problemlər görünürdü. Heyətimizi formalaşdırmağa çalışırıq. Bu gün də sistemdə dəyişikliklər edirik. Qurban Qurbanovu təbrik edirəm. Ölkənin ən fəxr olunası mütəxəssisidir. İnanırıq ki, avrokuboklarda yeni tarix yazacaqlar.

 

Hesabın 3:1 olması əbəs deyil. Rahatlaşmaq olmaz. Bu, bizə problem yarada bilər. Növbəti oyunumuz "Sumqayıt"a qarşıdır. Bərpa vaxtımız az olsa da, hazırlaşmalıyıq.

 

Kamranın meydana qayıtması böyük hadisədir. Onun buraxdığı səhvlərə səbr etməyə çalışırıq. Çünki inamımız böyükdür. Təcrübəli qapıçıdır. Ondan çox şey gözləyirik. Gənclərə nümunə olmasını istəyirik. Klub üçün önəmli simadır. Buraxılan qola gəlincə, topu qapının üstündən atmaq istədi. Küləyin də təsiri oldu. Amma sevindirici haldır ki, bundan sonra sınmadı. Hər şey düşündüyümüz kimi alındı. Hesab 2:1 olanda həyəcan yaşadıq. Ümumi götürsək, Kamran bu gün ən yaxşı oyunlarından birini keçirdi.

 

Abdullah Zubirin meydana çıxmasından sonra rəqibin hücumlarının kəsəri artdı. Düşündük ki, cinahda daha gümrah futbolçuya ehtiyac var. Ona görə də dəyişiklik etdik.

 

Qələbə hər zaman xoşdur. Heç vaxt özümü hansı baş məşqçini məğlub etmiş mütəxəssis kimi qələmə vermək istəmərəm. Xüsusilə də Qurban müəllim üzərində. Onun qələbələri Azərbaycan futbolu üçün tarixdir.

 

Maaşların verilməsinin qələbədə rolu ola bilər. Motivasiya baxımından önəmlidir. Sağ olsun rəhbərlik, çox gecikdirmədi, maaşları verdi. Bu, daimi gecikmə olmayacaq. Sadəcə, mövsümün əvvəlidir, sənədləşmələrdə problem yaşanır. Problem var idi. Amma bu, boykot deyildi. Rəhbərlik problemin həllini sürətləndirdi. Hər kəsin məvacibi ödənilib. Ümid edirik ki, növbəti aylarda olmaz. Bütün borcların ödənildiyini bilmirəm.

 

"Səbail"in də imkanlarının digər komandalarla eyni olmasını istərdik. Amma bu, bizdən asılı məsələ deyil. Buna rəhbərlik qərar verir. Mən heç vaxt həvəsdən düşmürəm. "Səbail"in Premyer Liqada mənə ilk qapı açan klub olduğunu nəzərə alsaq, buradan öz xoşumla getmək fikrində deyiləm. Bu klub mənim üçün çox doğmalaşıb. Çatışmazlıqlarımız var. Hücumçusuz oynayırıq. Rauf Əliyev oynasaydı, bəlkə də hücumda daha effektli ola bilərdik. Heyətimizin güclü olmasını, yuxarı yerlər uğrunda mübarizə aparmağı istərdik. Əlimizdən gələni edəcəyik. Ardıcıl 4 məğlubiyyətdən sonra aşkar autsayder olacağımızı düşünənlər oldu. Amma təslim olmayacağıq.

 

Oyunun içinə girsək, belə düşünmək olar. Düzdür, rəqib topa daha çox nəzarət etdi. Amma bizim epizodlarımız daha real idi. Təbii ki, buna sensasiya da demək olar. Çünki rəqibin heyətində bizim oyunçulardan qat-qat güclü futbolçular var. Sadəcə, bu gün daha yaxşı oynadıq".

Xəbər xətti