Azərbaycan milli komandasının kapitanı Aysun Əliyeva “Rubin”dən ayrılaraq “Rizəspor”a keçib.
Əliyeva Sportal.az saytına açıqlamasında Türkiyə klubuna transferindən danışıb:
“Rizəspor”a keçdiyimə görə şadam. Burada oynayan qızların bəzilərilə əvvəllər də birlikdə oynamışdım. Əvvəllər mən Türkiyədə qadınlar liqasında oynamışam. Sağolsun, əvvəlki komanda yoldaşlarım məni “Rizəspor”un baş məşqçisinə təklif edi. Həmin qızlar burada oynayır deyə, mən də razılaşdım və gəldim. Klubda da məni çox yaxşı qarşıladılar. Özümü yad hiss etmirəm “Rizəspor”da. Məqsədim komandaya adına layiq şəkildə kömək etmək və liqada yaddaqalan oyunlar sərgiləməkdi”.
Millinin kapitanı Türkiyə klubuna keçidinin özü üçün üstünlük olduğunu bildirib: “Doğrudu, Rusiya çempionatı daha yaxşı üst durumdadı. Düzü, istəyirəm hər komandada özümü sınayım. “Rizəspor”da tanış türkiyəli futbolçular çoxdu deyə, sıxılmaq şansım yoxdu. Bunun özü futbolda daha yaxşı oynamağa kömək edir insana. Hələ ki, 1 mövsüm buradayam. Gələcəkdə necə olacaq bilmirəm. “Rizəspor”da oynamaq mənə görə üstünlükdü”.