Azərbaycan milli komandasının sabiq futbolçusu Füzuli Məmmədov Sportal.az saytına müsahibə verib. Gənc mütəxəssis milli komandamızın DÇ-2022-nin seçmə mərhələsinin Lüksemburqa qarşı oyununu dəyərləndirib.
- Azərbaycan millisi evdə Lüksemburqa 1:3 hesabı ilə məğlub oldu. Bu cür nəticə sənin üçün gözlənilməz oldu, yoxsa qrupdakı uğursuz nəticələrdən sonra bu oyunda da uğursuzluq olacağını ehtimal edirdin?
- Düzünü deyim, mənim üçün gözlənilməz oldu. İnanırdım ki, millimiz Lüksemburqa qalib gələcək. Ancaq deyərdim ki, qırmızı kart da oyunumuzu sındırdı.
- Necə düşünürsən, hazırki heyət, millidə yer alan futbolçularla daha yaxşı nəticə qazanmaq olardı?
- Əlbəttə, düşünürəm ki, hazırki milli yaxşı nəticə verməyə layiq komandadı. Heyətdə həm təcrübəli, həm də keyfiyyətli gənc oyunçular var. Düşünürəm ki, bu komanda daha da inkişaf edəcək.
- Tellur Mütəllimovun qırmızı vərəqə aldığı epizod barədə fikrin necədi?
- Lazımsız kart idi. Əvvəla epizod heç cərimə etməyə ehtiyac duyulmayan yerdə idi, qaldı ki, kart almağa. Hər kəs öz mövqeyindəydi. Sadəcə rəqibin arxasında durmaq lazım və arxaya oynamağa məcbur etmək lazım idi. Heç top almağa ehtiyac belə, yox idi. Düşünürəm ki, yenə də bunlar təcrübəsizlikdən irəli gəlir. Bizim çox oyunçularımız da beynəlxalq təcrübə azdı.
- İllər əvvəl Lüksemburqla görüşlərə favorit kimi çıxırdı milli, indi əksinədi. Son 2 ev oyununda da Lüksemburqa uduzmuşuq. Səncə, geridə qalan illərdə nə dəyişdi ki, indi Lüksemburqa asanlıqla uduzuruq?
- Bəli, Lüksemburq əvvəl bizim zəif rəqibimiz idi. Ancaq Lüksemburq millisi çox güclənib, heyətində güclü futbolçular var. Həmin oyunçular tanınmış klublarda oynayır. Nə qədər ki, futbolçular işlərinə peşəkarcasına yanaşmayacaq, belə səhvlər edəcək, məğlub olacaq. Gənc futbolçular qarşılarına məqsəd qoymalıdı ki, daha çox çalışıb və legioner həyatı yaşasın. Gündə 1-2 saat məşq etməklə böyük uğurlar qazanmaq olmaz.
- 2-ci tsikldi ki, milli qrupu 1 xalla başa vurur. Bu tsiklədki ümumi çıxışını necə dəyərləndirirsən?
- Əlbəttə ki, zəif nəticədi. Düşünürəm ki, daha yaxşı çıxış etmək olardı. Tam dəqiq və niyə belə nəticə oldu demək çətindi. Çünki komanda daxilində deyiləm. Ancaq istənilən halda yaxşı nəticə deyil.
- Canni De Byazi milliyə nəsə qazandırdı? Onun millidə qalacağını ehtimal edirsən?
- İnanın, hər məşqçi gəldikdə nələrisə öyrədir. Əslində daha böyük nəticələrə inanırdım. Çünki Canni De Byazi təcrübəli bacarıqlı məşqçidi. Əgər uğursuzluq olubsa, bu o demək deyil ki, zəif məşqçidi. Sadəcə bizim millidə uğur qazana bilmədi. O ki qaldı millidə qalacaq, ya yox nəsə demək çox çətindi, bunu gələcək göstərəcək. Həm millimizə, həm də De Byaziyə uğurlar arzu edirəm.