Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Milan Obradoviç AÇ-2023-ün seçmə mərhələsində evdə Avstriya ilə keçirilən oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis millinin 0:3 hesablı məğlubiyyəti ilə bağlı jurnalistlərin suallarını cavablandırıb:
- Millimiz növbəti dəfə uduzdu. Bu uğursuz seriya nə vaxta qədər davam edəcək? Bizim millimiz nə vaxt qalib gələcək?
- Çətin sualdır. Bilmirəm. Rəqiblərdən üstün oynayanda qalib gələcəyik.
- Qrupun aşkar autsayderi Estoniya ilə matçda da qələbəyə ümid etməyək?
- Bunu fikirləşmirəm. 4 gün sonra matçımız var. Norveçlə qarşılaşmanı düşünürəm.
- Bu dəfə sizi daha çox nə məyus etdi?
- Başqa amil məyus etdi, bunu danışmaq istəmirəm. Futbolçular bu gün hər şey etdilər, onlara paltardəyişmə otağında təşəkkür etdim. İlk hissədə yaxşı oynadıq. Birinci hissədə futbolçulardan istədiyimi aldım. İkinci hissədə çalışdıq ki, oyunu düzəldək. Hesab 0:1 olarkən fürsətimiz oldu. Son ötürmədə dəqiqlik çatmadı. Qol vurmaq üçün dəqiqlik çatmadı.
- Buraxılan ilk qol sanki komandanın motivasiyasını aşağı saldı. Çünki qola qədər başabaş mübarizə var idi.
- Biz bilirdik ki, fürsətlərimizdən istifadə etməliyik. Rəqib futbolçuların keyfiyyətindən istifadə etdi. Çalışırdıq, amma bizə imkan vermədilər.
- Oyunu yerliləriniz idarə etdi. Hakimlərdən narazısız?
- Hakimlərlə bağlı öz fikrim var, təəssüf ki, bunu açıqlaya bilmərəm. Bildiyim qədər, açıqlasam, cəzalana bilərəm. Təbii ki, məmnun qalmadım. Demək istəmirəm ki, hakimlərə görə uduzmuşuq. Oyun başlayan kimi 4 sarı vərəqə aldıq... Nə deyim? Hakimlərin Serbiya və İngiltərədən gəlməsinin fərqi yoxdur. Qısası, hakimlərdən razı qalmadım.
- Millimiz böyük hesablarla məğlub olur. Bu nəticələr sizin gedişinizi daha da tezləşdirir? Yoxsa bu nəticələrin təsiri olmayacaq?
- Bu sual mənə aid deyil.
- Milliyə yeni dəvət alan Emil Mustafayev yığmanın oyununa rəng qata bilir?
- Onunla danışıram. Ukrayna Premyer Liqasında oynayır. Emil Ukrayna U-21 millisindən də dəvət alıb, amma qəbul etməyib və Azərbaycanı seçib. Onda çox böyük istək gördüm.
- Rüfət Abdullazadə niyə özünü son oyunlarda göstərə bilmir?
- Deməzdim ki, Rüfət pis oynadı. Mən ondan ilk hissədə yaxşı istifadə etdim. İkinci hissədə fərqli oldu.
- Norveçlə oyuna futbolçuları necə kökləyəcəksiz? O oyundan nə gözləyək?
- Komanda bərpa olunmalıdır. Psixoloji olaraq oyunçuları hazırlayacağıq. Bu məğlubiyyətlə futbol bitmir. Onlar üçün futbol davam edir. Bu, hələ başlanğcdır.
- Sizin "Premyer Liqada hər komandanın start heyətində U-21 millisinin 2 üzvü yer almalıdır" fikirləriniz müzakirələrə səbəb oldu. Çempionatımızdakı baş məşqçilərin çoxu bu fikri dəstəkləmədi. Ötən gün əsas millimiz Lüksemburqla oyunda rəzil oldu. Sizin biabırçı günə düşən Azərbaycan futbolu üçün nə tövsiyəniz var? Belə uduzmağımızın səbəbləri nədir?
- Mən futbolçularla fikirlərimi paylaşıram. Mən təcrübəmdən istifadə edirəm. Kimə lazım olubsa, söyləmişəm. Mən istəyərəm ki, daha çox gənc futbolçu Premyer Liqada oynasın. Futbolçularımız gəncdir və onlar üçün hər şey irəlidədir. Baxaq görək komandamızdakı oyunçuların neçəsi Azərbaycan Premyer Liqasında oynayır? Bütün bunlara yığmanın baş məşqçisinin gözü ilə baxıram və hesab edirəm ki, bu çox deyil. Siz fərqli düşünə bilərsiniz. Hər kəsin öz fikri var. Artıq 3 ildir ki, buradayam və bu müddət ərzində 11 futbolçu əsas komandaya yüksəlib. Bu da bizim işimizin bir hissəsidir. Sizin baxışınız fərqli ola bilər. Hər kəs fərqli qəbul edir. Mən də belə düşünüb fikrimi söyləmişdim. Mən də bu oyunumuzdan razı deyiləm. Hələ şansımız var, xallar yığa bilərik. 3 ildir burdayam, 11 futbolçu bizdən əsas komandaya yollanıb. Bunu qeyd etməliyəm. Mənim əsas vəzifəm xallar toplayıb, qələbə qazanmaqdır, digər missiyam isə əsas komandaya futbolçu yollamaqdır.
saytlarin hazirlanmasi