"Son nəticələrdən sonra gözləyirdim ki, qrupun son matçında Lüksemburqa qarşı millimiz yaxşı oyunla qələbə qazanacaq. Təəssüflər olsun ki, qələbə qazana bilmədilər. Qrupu qələbəsiz başa vurdular".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyev deyib.
Milli komandamızda aparıcı simalardan olmuş futbolçu yığmamızın hazırkı durumunu müzakirə edib. Bununla yanaşı Tellur Mütəllimovun Lüksemburq matçındakı qırmızı vərəqəsi haqda danışıb:
"Tellur Mütəllimovun qırmızı vərəq epizodunda, o, rəqibi görmür, fikri topda idi. Bilərəkdən etmədi, amma bu, o demək deyil ki, Tellur görmədisə, komandanı bu vəziyyətdə qoymalıdı. Belə epizodlarda ehtiyatlı davranmaq lazımdı. Hər futbolçunun başına gələcək epizoddu. Sadəcə o, rəqibi görmürdü. Ümumi Lüksemburq haqda danışsaq, əvvəl onlarla qrupa düşəndə bu oyuna 3 xal kimi baxırdıq. Ən azından 1 xal kimi. Son zamanlar Lüksemburqda futbol sürətlə inkişaf edib, yaxşı futbol oynayırlar. Bizdə isə həmin inkişafı görmürük. Çempionatımız zəifləyib, rəqabət yoxdu, az komanda var. Belə olanda millidən nəsə gözləmək çətindi. Uşaq futbolunu inkişaf etdirmək lazımdı, rayonlarda futbolu inkişaf etdirmək lazımdı. Gecikmişik, çoxdan etmək lazım idi. Ancaq yenə də etmək olar. Bunların hamısı olsa, milli də güclü olacaq".
“Qrupu 1 xalla başa vurmuşuq, uğursuzluqdu. Çox xal gözləyirdik, təəssüf belə alındı. Niyə belə oldu, deyəndə, bizdə futbolu inkişaf etdirmək lazımdı. Rayonlarda futbol olmalıdı, çempionatda çox komanda yer almalıdı, klublar və rəqabət güclü olmalıdı. Təəssüflər olsun ki, çempionat əvvəlki səviyyədə deyil. Bu da istər-istəməz milliyə təsir edir” - deyə, Rahid Əmirquliyev fikirlərini yekunlaşdırıb.