"Samet Aybabanın Azərbaycan millisini çalışdırmaq ehtimalını daha yüksək dəyərləndirirəm" - MÜSAHİBƏ

12:26 - 14 Noyabr 2021

Vaxtilə Azərbaycanda “Neftçi” və “Qarabağ” klublarında çalışmış Mehmet Ak Sportal.az saytına müsahibə verib. Türkiyəli mütəxəssis son zamanlar milli komandamızı çalışdıra biləcəyi deyilən Samet Aybaba və Okan Buruk haqda danışıb. 


- Son vaxtlarda Samet Aybaba və Okan Burukun adı Azərbaycan millisi ilə hallanır. Bundan xəbərdarsınız?
- Bəli, ikisinin də Azərbaycan millisində çalışmaq ehtimalının olduğunu eşitdim. Məncə, ola bilər. Hər iki tərəf də razı olarsa, baş tuta bilər. Mən, Samet Aybabanın Azərbaycan millisini çalışdırmaq ehtimalını daha yüksək dəyərləndirirəm.

- Sizcə, onlardan hansı Azərbaycan millisində çalışmağa razı olar?
- Sanki Samet Aybaba daha yaxındı. Əgər, federasiya ilə uyğun şərtlərdə anlaşsalar, 2 dövlət 1 millət dediyimiz və son zamanlarda siyası olarak daha çox yaxın olduğumuz vaxtda, Azərbaycan millisini Türkiyədən olan məşqçinin çalışdırması çox yaxşı olardı.

- Necə düşünürsünüz, daha çox hansı fayda verər?
-  Məncə, ikisi də fayda verər. Futbolun dili dünyada hər yerdə eynidi. Amma bəzi dəyərlər var və bunları başa düşmək üçün həmin mədəniyyətə yaxın olmaq lazımdı. Bu mənada baş məşqçi türkiyəli məşqçi olacaqsa, çox faydalı olar.

- Samet Aybaba ilə münasibətiniz var? Onunla Azərbaycan millisi barədə danışmısınız?
- Samet Aybaba ilə son zamanda elə də münasibətim olmayıb. Ancaq əgər belə bir şey olarsa, ona Azərbaycan haqda bildiklərini danışaram. Mən orada 3 il yaşadım, ölkə kubokunu qazandım. Hələ də Azərbaycan millisində oynayan futbolçuların inkişafında köməyimiz oldu. Təbii ki, təcrübələrimi ona deyərəm. Hər həftə Azərbaycan çempionatına baxıram.

- Azərbaycan millisini indiyə qədər heç vaxt türkiyəli məşqçi çalışdırmayıb. Sizcə, nəyə görə AFFA indiyə kimi türkiyəli məşqçiyə güvənməyib??
- Məncə, türkiyəli məşqçini gətirmək istəyənlər də onlara qarşı qərarlı davranmayıb. Azərbaycan milli komandasında çalışmaq şərəfli işdi. Məncə, federasiya rəhbərləri qərarlı olarlarsa, bu iş baş tuta bilər. Samet Aybaba Türkiyənin yetişdirdiyi ən yaxşı məşqçilərdən biridi. Saysız-hesabsız uğurları var. Böyük komanda da çalışdırıb. Gənc oyunçularla çalışmağı sevir. Azərbaycan üçün yaxşı şans ola bilər.

- Türkiyəli məşqçinin xorvat, alman və italyan məşqçidən hansı fərqi və üstünlüyü ola bilər?
- Üstünlüyü çoxdu ki, ziyanı yoxdu. Türkiyəli məşqçilər Azərbaycana daha da yaxındı. Eyni dili danışırıq, eyni mədəniyyətə sahibik. Ən əsası da, indi türkiyəli məşqçilər xarici məşqçilərdən də çox inkişaf edib.

- Azərbaycanda çalışmış azsaylı türkiyəli məşqçilərdənsiniz. Aybaba Azərbaycan A millisini çalışdırarsa, sizi də köməkçi kimi özü ilə gətirər? 
- Mən peşəkar baş məşqçiyəm. Şərtlərdə razılıq əldə olunarsa, fikirlərimizi gələn məşqçi ilə paylaşaram. Ancaq hazırda belə bir şey yoxdu. Azərbaycanda çox məşqçi çalışıb, Rasim Karadan başlayaraq bir neçə türkiyəli məşqçi. Mən də orada 3 il işlədim. Əslində, çox da yaxşı keçdi. İndiki “Qarabağ”ın təməllərini o vaxtı atmışdıq. Gənc oyunçular, meydança, aşağı yaş qrupları üzərində işləmək, hamısı. Mən Azərbaycana və Azərbaycan futbol sevərlərinə salamlarımı çatdırıram. Qarabağ zəfəri münasibətilə də hamını təbrik edirəm.

Xəbər xətti