Emin Mahmudov: "Canni De Byazi qalsa, sevinərəm"

00:24 - 15 Noyabr 2021

"Bu gün əvvəlki oyunlara nəzərən daha yaxşı çıxış etdik. Rəqiblərimiz bizdən üstün olsa da, hücumameylli oynamağa çalışırdıq. Adi vəziyyətlərdə top itirməyimiz bizə çətinlik yaradırdı".

 

Sportal.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov evdə Qətər yığması ilə 2:2 hesablı heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.

 

29 yaşlı yarımmüdafiəçi millidən qələbə gözləyən azarkeşləri sevindirə bilməmələrindən təəssüf ifadə edib.

 

Onun fikrincə, qol vəziyyətlərindən yararlanmağı bacarmamaları bu, baş məşqçi Canni De Byazinin tapşırıqlarına diqqətlə yanaşmamaları ilə bağlı deyil: "Biz yalnız müdafiədə çıxış etmirik. Hücumda düzgün duruşumuzun olmaması problemlərə gətirib çıxarır. Əlbəttə, biz onun istəklərini yerinə yetirməyə çalışırıq. Hərçənd, bəzi anlarda alınmır".

 

Milli komandada 8 qolla üçüncü məhsuldar futbolçu ünvanına yiyələnən Mahmudov ona şans verdiyi üçün De Byaziyə minnətdarlığını bildirib: "Mən De Byaziyə təşəkkür edirəm. Çünki mənə oynamaq şansı verdi, çox güvəndi. Halbuki əvvəllər belə bir imkan yaradılmırdı. De Byazinin yığmada qalıb-qalmaması mənim işim deyil, buna AFFA qərar verəcək. Amma qalsa, sevinərəm. Qalmasa, hər zaman onu yaxşı baş məşqçi kimi xatırlayacağam".

Xəbər xətti