"Namik Ələsgərovu "Bursaspor"da izləmək şansım daha çoxdu. O, çox yaxşı oynayır və baş məşqçi dəyişikliyindən sonra lap çox oynamaq şansı tapır. Vüsalın komandası isə bu il liqaya yaxşı başlamadı. Ancaq Vüsalın özü də pis oynamır, qollar vurur, yaxşı performans göstərir".
Bu sözləri Sportal.az saytına açıqlamasında Cüneyt Biçər deyib.
Vaxtilə “Bakı”, “Xəzər Lənkəran” klublarını çalışdırmış Biçər qardaş ölkədəki futbolçularımız haqda danışıb. Onun fikrincə, Vüsalla Namikin uğurlu çıxışı Türkiyə klublarının azərbaycanlı futbolçulara olan marağını yüksəldə bilər: "Namik və Vüsal özlərini yaxşı tərəfdən göstərərsə, Türkiyə klublarının azərbaycanlı futbolçulara marağı daha da artar. Hər zaman belədi. "Karşıyaka" yüksək liqada oynayarsa, Namik Ələsgərov transfer edəcəyim futbolçudu. Mahir Emrelini və Tural Qürbətovu da bəyəndiyim futbolçulardan idi".
Hazırda Türkiyənin köklü klublarından olan “Karşıyaka”nı çalışdıran Cüneyt Biçer uşaqlıqdan, "Bakı" futbol akademiyasından tanıdığı Mahir Emreli haqda danışıb: "Mahir çox önəmli futbolçudu. Məncə, Türkiyədə istənilən komandada şans tapa bilər. “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça”da da həmçinin. Mahiri uşaqlıqdan tanıyıram. O, uşaqlıqdan etibarən gələcəkdə yaxşı futbolçu olacağını hər kəsə göstərirdi".
"Qurban Qurbanov həm bəyəndiyim, həm də çox sevib, sayğı göstərdiyim məşqçi dostumdu. Konfrans Liqasında yaxşı nəticələr qazanıb, daha da uğurlu nəticə üçün mütləq lazım olanı edəcək. Konfrans Liqasında çempionluq çox gözəl olardı. Ancaq bu heç də asan deyil. “Qarabağ”a uğurlar arzu edirəm" - deyə, Cüneyt Biçər fikirlərini yekunlaşdırıb.