“Qarabağ”da oynamış Sadat Saini hazırda “Başakşəhir” klubunun aşağı yaş qruplarından ibarət komandalarında məşçi kimi fəaliyyət göstərir.
Sportal.az saytına müsahibə verən Saini “Qarabağ”dakı vaxtlarını xatırlayıb və Ağdam klubunun hazırki durumundan söz açıb:
- “Başakşəhir”də işlərin necə gedir?
- 3 ildir ki, “Başakşəhir”in U-19 komandasında məşqçilik edirəm. İşlərimiz yaxşı gedir, futbolçuların inkişafı üçün akademiya olaraq sıx şəkildə çalışırıq. Pandemiyaya görə liqalar gec başladı. Hələ ki, cəmi 3 tur keçib. Akademiya olaraq hədəfimiz A komandasına və peşəkar liqalara hər il daha da artıraraq, daha çox oyunçu bəxş etməkdi.
- "Başakşəhir"in sabiq çalışdırıcısı Okan Burukun Azərbaycan millisini çalışdıracağı ehtimal edilir. Səncə, o, Azərbaycan millisinə kömək ola bilər?
- Okan Buruk “Başakşəhir”lə Türkiyə çempionluğu yaşamış məşqçidi. Bunu bacarmaq heç də asan deyil. Əgər bu təklifi qəbul edərsə, Azərbaycan millisində çox gözəl işlər görər.
- Klubun futbolçusu Emre Kaplan Azərbaycanın U-21 yığmasında çıxış etdikdən sonra yığmamızdan imtina edərək Türkiyə U-21 yığmasında oynamağa başladı. Onun verdiyi qərarı doğru hesab edirsən?
- Emre Kaplan ilk ildə mənim futbolçum idi, daha sonra onu A komandasına göndərdik. Potensialı yüksək, çox çalışqan futbolçudu. Emrenin uğurlu futbolçu olacağına inanıram. Milli komanda barəsində verdiyi qərara hörmətlə yanaşmaq lazımdı.
- İndi isə Azərbaycanın əsas millisində “Başakşəhir”in digər futbolçusu Mert Çelik oynayır. Onu barəsində hansı fikirdəsən?
- Mert Çeliklə də Emre kimi ilk ildə bərabər çalışdıq. “Neftçi”yə gəlməmişdən öncə Azərbaycan futbolu haqda danışmışdıq. “Neftçi”yə getməsini məsləhət görənlərdən biri mənəm. Onun inkişafı üçün yerində atılmış addım olduğunu düşünür. Allah qoysa, Merti daha da yaxşı yerlərdə görəcəyik.
- Vaxtilə “Qarabağ”da oynamısan. İndi isə sabiq komandan Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazandı. Bu cür olacağını ehtimal edirdin?
- “Qarabağ”ı daim izləməyə çalışıram. Həqiqətən də onlar çox böyük uğurlara imza atırlar. Düzünü deyim, “Bazel”lə birlikdə qrupdan çıxacaqlarını gözləyirdim. Həqiqətən də klub çox yaxşı idarə edilir, transfer siyasəti çox yaxşı gedir və bununla bərabər komandaya təcrübəli, çalışqan və hər gün komandaya bir şeylər qazandırmaq niyyətində olan baş məşqçi olunca uğur da qaçılmaz olur. Növbəti matçlarda “Qarabağ”a uğurlar arzu edirəm.
- Komandanın baş məşqçisi Qurban Qurbanovu necə xatırlayırsan?
- Qurban Qurbanov “Qarabağ”da olduğum dönəmdə məşqçiliyə yeni-yeni başlamışdı. O vaxt da Azərbaycan kubokunu qazanmışdıq. İddialı və uğuru ac təbiətə malik idi. Geridə qalan 13 il ərzində Qurban Qurbanov Azərbaycan futboluna çox xeyir verib. Və bunun davam edəcəyinə inanıram.