Milan Obradoviç: “ Mənə qalsa, növbəti oyunu Naxçıvanda oynayardıq”

22:43 - 16 Noyabr 2021

 

Avropa çempionatının seçmə mərhələsində evdə Norveçə uduzan (1:2) U-21 millimizin baş məşqçisi Milan Obradoviç mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

 

- Bugünkü oyunu necə dəyərləndirərdiniz? 
- Təəssüflər olsun ki, qapımıza 1-ci zərbə artıq qola çevrildi. Demək olar ki, oyuna nəzarət bizim əlimizdə idi. Oyundan razıyam, 90 dəqiqə top bizdə idi. Yaxşı oynadıq, uşaqlardan razıyam. Təbii ki, komanda nəticədən razı deyil. Çünki bu oyunda minimum 1 xala layiq idik. Bundan öncəki oyunla müqayisədə, daha çox topa nəzarət edirdik. Təəssüflər olsun ki, çox tez buraxdıq.

 

- Son saniyələrdə əllə bağlı olan epizodlarla bağlı fikriniz necədi?
- Tam görə bilmədim. Amma oyundan sonra hakimdən soruşdum, dedi ki, öncə ayağına dəydi, daha sonra əlinə dəydi deyə. Ona görə penalti vermədim. 2-ci əl epizoduna gəlincə, təbii ki, mən də, siz də istəyərdiz, penalti qazanaq. Buna da layiq idik. Öz evimizdə oynayırıq, amma hərdən elə hiss edirik ki, kənarda oynayırıq. Kartlar, bizə qarşı foullar...Elə bil, Bakıda yox, xaricdə oynayırsan. Hətta rəqib oyunçular belə, son 10 dəqiqəni vaxtı uzatmaqla məşğul idilər. Bunlar hamısı bizim üçün dərsdi ki, nəyi nə vaxt etmək lazımdı.

 

- Azərbaycanda 4 oyun keçirdiniz: 2-si Sumqayıtda, 2-si Bakıda. Sumqayıtdakı 1-ci oyunu yaxşı oynadınız, Bakıda isə 2-ci. Sizcə, problem nədədi?
- Stabillikdən asılıdı, stabillik yoxdu. Hər şey oyunçuların təcrübəsindən və oyun praktikasından əmələ gəlir. 1-ci oyunu yaxşı oynayırsan, 2-ci oyunda həmin oyunu oynaya bilmirsən. Keçən oyunu Sumqayıtda, bu oyunu Bakıda oynadıq. Mənə qalsa, növbəti oyunu Naxçıvanda oynayardıq, daha sonra Qəbələ, Lənkəranda oynayaq. Niyə də olmasın? Dəyişik şəhərlərdə oynayaq ki, azarkeşlər çox gəlsin. Növbəti oyunumuzu Qəbələdə oynamağı planlaşdırırıq. Sadəcə Bakıda cəmləşdirmə istəmirik, oyunlarımızı bölgələrdə oynamaq istəyərdik. Şamaxıda da stadion var. Ağdamda stadion tikiləcək. Məqsədimiz hər yerdə oynamaqdı. Təbii ki, bu, dövlət səviyyəsində olan məsələdi.


- Emil Mustafayevin zədəsi nə yerdədi? Bir də ki, 2 oyuna görə performansını necə dəyərləndirirsiniz? Sizcə, gələn il onu A milliyə cəlb edərlər?
- Emil bu gün müayinədən keçəcək. Vəziyyəti bilinəcək. O ki qaldı onun A miliyə cəlb olunub-olunmamasına, birinci növbədə burada oynasın, bizə xeyri dəysin, özünü yaxşı tərəfdən göstərsin. Daha sonra təbii ki, yaxşı oynayandan sonra A milliyə də dəvət olunacaq.


- Estoniya matçına hazırlıq üçün qışda komanda toplanışa yığışacaq?
- Baxacağıq, klublar qışda hara gedəcəklər, planları necə olacaq. İstəyərdim, təlim-məşq toplanışımız olsun. Estoniya öncəsi komandanı 1həftə tez yığıb, daha yaxşı hazırlıq keçək.

Xəbər xətti