Azərbaycanın aşağı yaş qruplarında indiyə qədər türkiyəli futbolçular az oynamayıb. U-21 yığmamızda indiyə qədər oynamış türkiyəli futbolçuların siyahısını təqdim edəcəyik. Həmin futbolçular sırasında yığmamızda oynadıqdan sonra klub karyerasında istədiyi səviyyəyə gələ bilməyənlər az deyil. Onlar arasında peşəkar və həvəskar səviyyədə klub karyerasını davam edənlər də var
Cihan Özkara (“Afyonspor”)
Cihan Özkara 2020-ci ildən Türkiyə 2-ci liqasında çıxış edən “Afyonspor”da oynayır. Peşəkar karyerasına “Arminiya”(Bilefeld) klubunda başlayan forvard Azərbaycanın U-21 yığmasında 2011-ci ildə debüt etmişdi. Avropa çempionatının seçmə mərhələsində İngiltərəyə qarşı səfərdə 0:6 hesabı ilə uduzan matçda yığmamızın heyətində ilk oyununa çıxmış forvard, həmin seçmə mərhələdə 4 matç keçirmişdi. Özkara Belçikaya qarşı Bakıda 2:2 hesabı ilə başa çatan matçda 1 qola imza atmışdı.
Əli Gökdəmir (“Sportfreunde Şvabiş Hol”)
Gökdəmir də Cihan Özkara kimi U-21 yığmasının heyətində məhz bu tsikldə debüt edib. Amma o, Cihandan fərqli olaraq qrupun İslandiyaya qarşı Bakıda keçirilən görüşündə ilk oyununa çıxmışdı. 2012-ci ildə baş tutan matçda Gökdəmir yığmamızın 1:0 hesabı ilə qalib gəldiyi matçda yeganə qolun müəllifi olmuşdu. Türkiyəli həmin tsikldə Norveç və İslandiyaya qarşı səfər oyunlarını da oynamışdı. Hazırda Almaniyada yaşayan və həvəskar səviyyədə oynayan Gökdəmir “Sportfreunde Şvabiş Hol” klubunda çıxış edir.
Tuğrul Erat (“Rot –Vays Oberhauzen”)
Almaniyada Nettetal doğumlu Erat bir ara “Fortuna”(Düsseldorf) və “Duysburq” klublarının heyətində 2-ci Bundesliqada oynayıb. Forvard U-21 yığmamızda 2013-cü ildə İsrailə 2:7 hesabı ilə darmadağın olunduğu oyunda meydana çıxmış və yığmamızın qollarından birinə imza atmışdı. U-21 yığmasında ümumilikdə 6 oyuna 3 qol vuran Erat Norveçə qarşı səfərdə keçirilən oyunda dubla imza ataraq yığmamızın 3:1 hesablı qələbəsində böyük pay sahibi olmuşdu. Son illər karyerasında eniş yaşayan Erat Almaniyada Regionalliqada “Rot-Vays Oberhauzen” forması geyinir.
Taşkın İltər (“Eyüpspor”)
U-21 yığmamızın heyətində 2013-cü ildə Azərbaycan – Şimali Makedoniya görüşü ilə debüt etmiş İlter son görüşünü 2016-cı ildə Finlandiyaya (0:0) qarşı keçirib. Onun 16 oyunluq U-21 yığması karyerasında qol yoxdur, bir qırmızı vərəqə alıb.
Fatih Şanlı (“Vuppertal”)
“Köln” yetirməsi olan 1992-ci il təvəllüdlü futbolçu U-21 yığmamızda bir oyunda meydana çıxıb. 2013-cü ildə Şimali Makedoniya ilə 0:0 başa çatan matçda meydana start heyətində çıxan Şanlı 56-cı dəqiqədə Ağabala Ramazanovla əvəzlənmişdi. “Vuppertal”dan “Bergish Qladbax”a keçmiş Şanlı Regional Liqada son olaraq 2012/2013 mövsümündə rəsmi matçda meydana çıxıb. Futbolçu yenidən "Vuppertal"a qayıdıb.
Timur Temeltaş (“Eyüpspor”)
“Bayer” (Leverkuzen) yetirməsi olan Temeltaş Azərbaycandan əvvəl Almaniya yığmasında da forma geyinmişdi. 2008-ci ildə Almaniyanın U-17 yığmasının heyətində Avstriyaya qarşı oynamış Temeltaş Ter Ştegen, Mario Götze, Marvin Plattenhardla komanda yoldaşı olub. Lakin ondan sonra Almaniya yığmasına dəvət edilməyən Temeltaş Azərbaycanın U-21 yığmasında cəmi bir oyun keçirdi. 2013-cü ildə Şimali Makedoniyaya qarşı oyun keçirən yarımmüdafiəçi bir daha yığma üzü görməyib. Hazırda o, “Eyüpspor”da aparıcı futbolçusudu.
Kerem Behnke (klubsuz)
"Türkiyəmspor" yetirməsi olan Kerem Benke Azərbaycanın U-21 yığmasında yalnız bir tsikldə çıxış edib. Almaniya vətəndaşlığına sahib olan forvard 6 oyuna çıxaraq 2 qol vurmuşdu. 2015-ci ildə Rusiyanı Bakıda 3:0 məğıub edən yığmamızın heyətində Kerem dublla yadda qalmışdı. Klub karyerası istədiyi kimi getməyən forvard sonuncu dəfə 2015/2016 mövsümündə “Neustrelitz”in heyətində Regional Liqada 17 oyuna 5 qol vurmuşdu. Həmin vaxtdan bu yana forvard rəsmi oyuna çıxmayıb. Benkenin də karyerasına davam edib-etmədiyi dəqiq deyil.
Bilal Sezer (“Sportfreunde Baumberq”)
“Borussiya”(Münhenqladbax) klubunun yetirməsi olan Bilal U-21 yığmamıza böyük ümidlərlə cəlb edilmişdi. Topla yaxşı driblinqləri olan Sezer U-21 yığmamızda cəmi bir oyun keçirdi. Bir ara “Borussiya”nın əsas komandası ilə məşqlərə də qatılan yarımmüdafiəçi yığmamızda ilk və yeganə görüşünü 2015-ci ildə Bakıda Avstriyaya 0:2 uduzduğumuz oyunda keçirib. Gələcəyinə böyük ümidlər bəslənilsə də, Sezer “Sportfreunde Baumberq”in heyətində Oberliqada 5 oyuna 3 qol vurub.
Mustafa Özhitay (“Memmingen”)
“Ulm” yetirməsi olan qolkiper Azərbaycan U-21 yığması tarixində bəlkə də ən uğursuz kiperlərdəndi. Hazırda Regional Liqada “Memmingen”də çıxış edən qolkiper U-21 yığmamızın heyətində 5 rəsmi matça çıxmışdı. İlk görüşünü 2017-ci ildə İsrailə 1:3 uduzduğumuz oyunda keçirən Mustafa 5 oyuna qapısından 19 qol buraxmışdı. Özhitay ondan sonra bir də Azərbaycandan dəvət gəlməmişdi.
Ozan Can Kökçü (“Telstar”)
İlk oyunlarını “Qroningen”də keçirən Kökçü daha çox “Feyenoord”da tanınmağa başlayıb. Azərbaycanda “Sabah”da oynamış futbolçu hazırda Niderlandda “Telstar” forması geyinir. Azərbaycanın U-21 yığmasında 10 oyun keçirən yarımmüdafiəçi hələ ki, qol vura bilməyib. O, ilk oyunu 2017-ci il İsrailə (1:3) qarşı keçirib.
Sərkan Baloqlu (“Pforzheym”)
Bu futbolçu da yığmaya kömək üçün cəlb edilsə də, heç nə ilə yadadqalmayan oyunçulardandır. 1997-ci ildə Ştutqart şəhərində dünyaya göz açan Sərkan elə bu şəhərin komandasının yetirməsidir. Yığmamızda 2017-ci ildə İsraillə görüşdə debüt edən Sərkan son görüşünü də elə həmin il Kosovo(0:0) ilə matçda keçirmişdi. Türkiyədə qısamüddətli “Kayserispor”, “Eyüpspor” karyerasından sonra futbolçu hazırda Almaniyada Oberliqa təmsilçisi “Pforzheym” forması geyinir.
Onur Albayrak (“Skive İK”)
Onur da yığmamızda oynamış türkiyəli futbolçulardandı. Albayrak cəmi 2 görüşdə meydana çıxmışdı. Futbolçu 2017-ci ildə İsrail(1:3) və İrlandiyaya(1:3) uduzduğumuz oyunlardan sonra onu bir daha yığmaya dəvət edilməmişdi. “Hobro”da oynamış müdafiəçi son olaraq Danimarkada “Frexa” klubunda oynayıb.
Barış Ekincier (“Valdhof Manhaym”)
U-21 yığmamızdan əvvəl U-17 və U-19 yığmalarımızda da oynamış Ekincier hazırda Almaniyada 3-cü liqada çıxış edən “Valdhof Manhaym” klubunda çıxış edir. İlk dəfə 2018-ci ildə İsrailə (1:1) qarşı keçirilən oyunda U-21 yığmamızda debüt etmiş Ekincier oynadığı ümumilikdə 9 oyunda 4 qol vurub. Futbolçu A millimizə də cəlb edilə biləcək arasında göstərilir.
Hüseyin Seyliğli (“Darıca Gənclərbirliyi”)
Türkiyədə aşağı liqa təmsilçisi “Darıca Gənclərbirliyi” forması geyinən Hüseyin “Beşiktaş” yetirməsidi. Seyliğli Barış Ekincier kimi Azərbaycanın U-17 və U-19 yığmasında da çıxış edib. Onun U-21 yığmamızdakı debütü 2019-cu ildə Lixtenşteynlə (0:1) oyuna təsadüf edib.
Doğukan Öksüz (“Bursa Yıldırımspor”)
U-17 və U-19 yığmalarımızda da oynamış Öksüz 2019-cu ildə Slovakiyaya(2:1) qarşı keçirilən matçda debüt etmişdi. “Trabzonspor” yetirməsi hesab edilən Öksüz hazırda üçüncü liqada çıxış edən “Bursa Yıldırımspor”un formasını geyinir.