21 yaşlılardan ibarət yığma komandamızın üzvü Zamiq Əliyev Sportal.az saytına müsahibə verib:
- 2 gün öncə Norveçlə matçda yığmamız yenə uduzdu. Səncə, məğlubiyyətə əsas səbəb nə idi?
- Çox tez qol buraxdıq. Ən böyük səbəb kimi də bunu deyə bilərəm. Ancaq sonra oyunu ələ ala bildik və çox yaxşı epizodlarımız oldu. Ancaq təəssüf ki, yararlana bilmədik.
- Norveçlə matçda mübahisəli penalti epizodları var idi. Necə düşünürsən, həmin penalti epizodlarında baş hakimin verdiyi qərarları doğru idi?
- Xeyr, doğru qərarlar deyildi. Çünki gözünün qabağında 2 epizod oldu və rəqib komandanın oyunçusunun açıq-aşkar top əlinə dəymişdi. Amma həmin epizodda da hakim saxlamadı.
- Azərbaycan U-21 yığması son 4 matçı evdə oynadı. Amma cəmi 1 xal qazana bildi. Matçlardan əvvəl yəqin daha çox qazanacağınızı gözləyirdin?
- Əlbəttə ki, biz hər oyuna 3 xalı qazanmaq üçün çıxırıq. Ancaq olmayanda da olmur. Bəxtsizlik olur, səhvlər olur. Bu da uduzmağımıza gətirib çıxarır. Ancaq bütün futbolçular əlindən gələni etdi.
- Hazırda yığmanın cəmi 1 xalı var. Qarşıda isə 4 oyun qalıb. Necə fikirləşirsən, bu oyunlardan qələbə ilə ayrıla biləcəksiz?
- Biz oyunları analiz edəcəyik. Çalışacağıq ki, səhvlərimizi düzəldək. İnanıram ki, qarşıdakı oyunlardan yaxşı nəticələr qazanacağıq.
- Demək olar ki, əsas mübarizə Estoniya ilə olacaq ki, qrupda son pilləni tutmayaq?
- Xeyr, mən belə düşünmürəm. Bizim üçün hər oyun önəmlidi. Hər oyuna qələbə üçün çıxırıq.
- Evdəki ardıcıl 4 matçda hansı rəqibə qarşı daha çox çətinlik çəkdiz?
- Xorvatiyanı qeyd edərdim. Çox güclü komandadı.