Azərbaycan milli komandasının sabiq futbolçusu Vyaçeslav Lıçkin Sportal.az saytına müsahibə verib. Yığma komandamızda 50-ə yaxın oyun keçirmiş veteran futbolçu millinin durumunu müzakirə edib:
- Milli komandamızın uğursuzluğunun günahkalarından biri Canni De Byazi kimi göstərilir. Bundan sonra nə etmək lazımdı?
- Milli komandamızın problemi baş məşqçi ilə bağlı deyil. Çox təəssüflər olsun ki, bizim keyfiyyətli futbolçularımız azdı. Ki, hamını öz ətrafına toplasın və meydanda rəhbərlik etsin. Bununla nəsə etmək də mümkün deyil. Sadəcə gənc futbolçuların hazırlığına önəm vermək lazımdı. Məncə, Azərbaycanda gənc futbolçuların məşq proqramını kökündən dəyişmək lazımdı!
- Bəs, milli komandanı kimə tapşırmaq lazımdı?
- Hər zaman deyirəm ki, Azərbaycan milli komandasına yerli mütəxəssis rəhbərlik etməlidi. Mən bu mövqeyimə sadiqəm. Millinin nəticəsində fərq yoxdursa, nəyə görə bu qədər ödəmə edirlər, anlamıram.
- Milli üzvlərindən Rəşad Sadıqovun baş məşqçi olmasını dəstəkləyənlər az deyil...
- Təəssüf ki, Azərbaycan çempionatını çox da izləmək imkanım olmayıb. Bu, mənim səhvimdi və indi kimin, necə çıxış etdiyini, hansı oyun nümayiş etdirdiyini bilmirəm. Milli komandanı yerli mütəxəssis çalışdırmalıdı. Klubunda öz işi ilə sübut etmiş yerli mütəxəssis də milli komandanı çalışdırmalıdı. Ki, o, milli komandanı çalışdırmağa hazırdı. Futbolçulara Rəşad Sadıqovla işləmək rahat olacaqsa, niyə də baş məşqçi təyin olunmasın? Nəyi yaxşı nəticə kimi qəbul edəcəyik, onu da anlamalıyıq.
- Premyer Liqada klubların sayını artırmaqla yerli oyunçulara daha çox şans tanıyaraq milli komandaya da kömək etmək mümkündü?
- Premyer Liqada komandaların sayının çoxalması yaxşıdı. Daha çox oyun olacaq. Amma sual budu ki, daha çox yerli uşaqlar oynayacaqmı? Yəni, bu böyük sualdı. İstənilən məşqçi üçün vacib olan nəticədi. O, əsas heyətdə güclü olanı çıxaracaq.
- Milli komandada Berti Foqts, Robert Prosineçki və Nikola Yurçeviç də çalışıb. Səncə, xarici mütəxəssislər nəyə görə milli komandaya kömək ola bilmir?
- Yenə təkrar edirəm, səbəb məşqçidə deyil. Problem daha da dərinə gedir. Gənc futbolçuların yetişdirilməsi üçün bir növ dövlət proqramı lazımdı! Uşaq futboluna daha çox sərmayə qoyaraq, şərait yaradıb, mümkün qədər daha çox uşağın futbol oynamaq istəməsinə şərait yaratmaq lazımdı.
- Millidə yer alan futbolçular haqda hansı fikirdəsən? Hazırki kollektivi perspektivli hesab edirsən?
- Əslində, mənim nə düşündüyüm önəmli deyil. Əsas olan futbolçularımızın nə düşünməsidi. Ümidvaram ki, futbolçularımızın özü də hazırki vəziyyəti düzəltmək istəyindədi və onlar azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcək.