"Son oyunumuz çətin alındı. Çünki "Zirə" yaxşı komandadı. Evdə də bunu göstərdi. Qollar buraxdıqdan sonra da oyunun içində olmaq istəyirdik. Amma alınmadı, uduzduq". Bu sözləri Sportal.az saytına açıqlamasında "Səbail"in futbolçusu Domantas Şimkus deyib.
Paytaxt klubunun litvalı legioneri Premyer Liqanın 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirilən oyun barədə danışıb. Şimkus dünənki məğlubiyyəti belə şərh edib: "Hazırda heyətimizdə itkilər çoxdu. Amma biz hər gün işləyirik. Ümidvaram ki, daha yaxşı nəticələr olacaq. "Zirə" ilə oyunda xal qazanmaq istəyirdik. Heyf ki, bunu edə bilmədik".
"Səbail" Premyer Liqanın 12-ci turu çərçivəsində "Neftçi" ilə üz-üzə gələcək. Litvalı həmin matçda da qələbə üçün oynayacaqlarını deyib: "Neftçi" yaxşı komandadı. Biz onlara hörmətlə yanaşırıq. Amma biz "Neftçi" səfərinə qələbə üçün yollanacağıq. Çünki bizə xal hava-su kimi lazımdı".