"Davit Volkovu İsveç və Özbəkistanla oyunlarda gördüm. Həqiqətən də məni təəccübləndirdi. Çox yaxşı səviyyədədi. Onun böyük potensialı var. Gürcüstan millisinin İsveç və Özbəkistanla oyunlarda qələbə qazanmasında çox iş gördü. Tərifəlayiq biridi. Volkovun top klublara getmək şansı var. Bunun olmasını istəyərdim. Çünki hazırda Gürcüstan millisində sırf hücumçu azdı. Volkov isə inkişafdadı".
Bu sözləri Sportal.az saytına açıqlamasında Gürcüstan millisinin veteran futbolçusu Kaxaber Mjavanadze deyib.
Azərbaycanda “İnter”(indiki “Keşlə”) klubunda oynamış və bu klubla ölkə çempionu olmuş Mjavanadze həmyerlisi, “Zirə” və Gürcüstan millisinin futbolçusu Davit Volkov barədə danışıb.
O, Gürcüstan millisinin baş məşqçisi Vili Sanyolun Azərbaycan Premyer Liqasını izlədiyini söyləyib:
"Sözsüz ki, Vili Sanyol ölkə xaricində oynayan gürcülərlə maraqlanmalıdı. Vaxtilə Alan Jires də ölkə xaricində oynayan gürcülərlə maraqlanırdı. O, hətta Rusiya 1-ci liqasında çıxış edən gürcüləri də izləyirdi. “Anji”də oynayanda məni milliyə dəvət etmişdi. Təbii ki, bu işdə məni tövsiyyə edən Kaxaber Sxadadzenin rolu az deyildi. Baş məşqçinin harada oynamasından asılı olmayaraq, gürcü futbolçularla maraqlanması xoşdu".
“Spartak”(Moskva) forması da geyinmiş Kaxa son vaxtlar gürcü futbolçuların Azərbaycanda çox olmamasından da söz açıb: "Gürcülərin Azərbaycan çempionatında çox olmaması? Məncə, bu, son vaxtlar çempionatınızın səviyyəsinin bir az düşməsilə bağlıdı. Prinsipcə, virus da liqanıza təsir etdi. Amma ümid edirəm ki, tezliklə hər şey yaxşılaşacaq.
Bu yaxınlarda Konfrans Liqasının qrup mərhələsinin “Kayrat” – “Qarabağ” matçını izlədim, “Qarabağ”ı çox bəyəndim. Qurban Qurbanovun hər zaman çox yaxşı komandası var. "İnter"də oynadığım vaxtlarda da onlara qarşı oynamaq çətin idi. “Qarabağ” Azərbaycan futbolunun flaqmanıdı. Həqiqətən çox yaxşı durumdadılar. Çox istəyərdim ki, ən azından 6 komanda həmin səviyyədə olsun. O zaman liqa da düzgün istiqamətdə inkişaf edəcək.
Gürcülərin Azərbaycanda çox olmaması barədə nə deyim? Hazırda gürcü oyunçular hər yerdə azdılar, ola bilsin ki, onlara tələbat azalıb. Düzünü deyim, cavabını bilmirəm. Yəqin daxili çempionatımızın elə də yüksək səviyyədə deyil ki, futbolçularımız çox sayda xaricə yollansın. Əvvəllər, Kaxaber Sxadadze Azərbaycanda işləyirdi və onun sərəncamında çox sayda gürcülər oynayırdı. Ancaq hazırda Azərbaycanda gürcü məşqçi işləmir. Ola bilər ki, bu da öz təsirini göstərir. Bütün ürəyimlə futbolunuzun inkişaf etməsini arzulayıram. Bunun üçün sizdə hər şey var. Sadəcə olaraq, yəqin ki, daha çox uşaq futboluna diqqət ayırmalısınız. Onsuz gələcək olmaz.
Şadam ki, Azərbaycan Premyer Liqasında oynamışam və qızıl medal qazandığıma görə fəxr edirəm. Yaxşı azarkeşlərin hamısına təşəkkür edirəm və Gürcüstandan Azərbaycana salam göndərirəm. Biz qardaş xalqlarıq. Ümidvaram ki, Azərbaycan və Gürcüstanın layiqli çempionatı olar".