“Qəbələ” oyununa yaxşı hazırlaşmışdıq. Bilirdik ki, qalib gəlməliyik. Amma heyf ki, bu oyunda məğlub olduq. Halbuki rəqibdən zəif deyildik, başabaş futbol nümayiş etdirdik. Sadəcə diqqətsizliklər qol buraxmağımıza səbəb oldu. Elə 2-ci qol zamanı da ani diqqətsizlik etdik. Çünki hesabı bərabərləşdirmək üçün önə atılmışdıq”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov deyib.
Komandanın kapitanı komandasının Premyer Liqanın 11-ci turu çərçivəsində “Qəbələ”yə 1:2 hesabı ilə uduzduğu görüşdən danışıb. O, həmin görüşdə qırmızı vərəqə alması və 12-ci turda qarşılaşacaqları “Zirə” görüşü barədə də fikirlərini bölüşüb:
“Məncə, “Qəbələ” oyunundakı epizod qırmızı vərəqəlik deyildi. Amma baş hakim bunu qırmızı vərəqə kimi dəyərləndirdi. Qarşıdakı turda “Zirə” ilə oynayacağıq. Çətin matç olacağı dəqiqdi. “Zirə” yaxşı durumdadı. Onları evdə qəbul edəcəyik. Hamımız əl-ələ verib uğurlu nəticə qazanmaq üçün oynayacağıq”.