Ölkə xaricində çıxış edən, əslən azərbaycanlı olan Əmrah Nabatov Sportal.az saytına müsahibə verib. Rusiyanın “Arsenal”(Tula) klubunda çıxış edən yarımmüdafiəçi hazırki klubundakı çıxışından və perspektivindən söz açıb.
- “Arsenal”dakı işlərin necə gedir? Özün üçün hansı perspektivi görürsən?
- İşlərim yaxşı gedir. Demək olar ki, əvəzedilmədən 90 dəqiqə oynayıram. Bəli, perspektiv görürəm. Tezliklə “Arsenal”ın əsas komandasından gələcək dəvəti gözləyirəm.
- Bunun yaxın vaxtlarda baş verəcəyinə inanırsan?
- Tula klubunun 2-ci heyətində olsam da, özümü xoşbəxt hiss edirəm. Nə vaxt cəlb etsələr, o zaman əsas komandada oynayacam. İndi isə məşqlərdə işləyirəm. Oyunlarda isə özümü sübut etməyə çalışıram ki, “Arsenal”ın əsas komandasının məşqçilərini diqqətini cəlb edim.
- “Arsenal”da digər azərbaycanlı Ayaz Quliyev də çıxış edir. Onunla danışırsan, münasibətin var?
- Bəli, Ayaz Quliyev bir müddət əvvəl “Arsenal”a qoşulub. Onu futbolçu kimi bəyənirəm. Xeyr, Ayazla münasibətim yoxdu. Təbii ki, onunla tanış olub, münasibət qurmaq istəyərdim. “Arsenal”ın ev oyunlarının hamısına gedirəm, canlı baxıram. Ayaz Quliyevin də oyununu yaxından izləyirəm.
- Uzun müddətdir ki, AFFA Quliyevi Azərbaycan millisinə dəvət etmək istəyir. Amma hələ ki, o, bunu qəbul etməyib. Səncə, o, Azərbaycan millisinə kömək ola bilər?
- Əlbəttə ki, Ayaz Quliyev yaxşı futbolçudu və o, Azərbaycan millisinə kömək ola bilər.
- Yeri gəlmişkən, sənə Azərbaycan klublarından təklif gəlib? Azərbaycan çempionatında oynamaq istəyirsən?
- 2017-ci ildə “Qarabağ”dan təklif almışdım. 2 ildən sonra isə “Sabah”dan rəsmi şəkildə əsas komandaya baxışa yollanmaq təklifi edilmişdi. Ancaq həmin vaxtı atamla birlikdə Rusiyada qalmaq qərarını verdik. Bəlkə də həmin vaxtı “Sabah”a yollanmaq doğru qərar olardı.
- Azərbaycan millisində oynamağı xəyal edirsən? Səncə, bu, yaxın illərdə baş verə bilər?
- Azərbaycan millisində oynamağı xəyal edirəm. Ümidvaram ki, yaxın illərdə Azərbaycan millisinə cəlb olunacam. Bunun üçün ən azından bütün gücümü səfərbər edəcəm. İmkan olan kimi Azərbaycan millisinin oyunlarına baxıram. Millidə çıxış edənlər arasında Emin Mahmudovu çox bəyənirəm. Eminlə “Krılya Sovetov”da yollarımız kəsişmişdi. O, əsas komandada oynayırdı, mən də gənclər komandasında. Bir neçə dəfə danışmışdıq. Amma çətin ki, Emin Mahmudov məni xatırlasın.