Azərbaycan Premyer Liqasında indiyə kimi Avropa zonasından oynamış, öz ölkələrinin yeganə təmsilçilərilə sizi tanış etmişdik. Bu dəfə sizə Premyer Liqamızda Afrika ölkələrinin yeganə təmsilçiləri barədə xəbər verəcəyik. Qeyd edəcəyimiz futbolçular öz ölkələrinin Azərbaycandakı hələ ki, yeganə təmsilçiləridi.
Harramiş Soares (San Tome və Prinsipi)
“Neftçi”yə böyük ümidlərlə dəvət edilən Harramiş hazırda ehtiyat skamyada oturur. Azərbaycana gəlməmişdən əvvəl Portuqaliyada “Benfika”, “Tondela”, “Leykşoeş”, “Eştoril” klublarında oynamış yarımmüdafiəçi San Tome və Prinsipi millisinin üzvüdü.
Diallo Quideleye - (Mavritaniya)
Azərbaycanda oynamış yeganə mavritaniyalı futbolçu Diallodu. “Keşlə”yə gəlməmişdən əvvəl “Brest” (Fransa), “Gənclərbirliyi” (Türkiyə) kimi klublarda oynamış Quideleye Tərlan Əhmədovun dəvətilə komandaya cəlb edilsə də, sonradan komandadan göndərildi. Ölkəmizdə oynamış yeganə mavritaniyalı kimi tarixdə qalmış Diallo Mərakeşin “FUS Rabat” kubundan oynadıqdan sonra hazırda klubsuzdu.
Qani Anifomeşe - (Niger)
Azərbaycanda 2 klubda oynamış Anifomeşe Bakı klubunda yox, Qazax klubunda normal performans göstərmişdi. 35 yaşlı futbolçu Azərbaycanda çıxış edən nigerli olsa da, o, heç vaxt öz millisində oynamayıb.
Klesio - (Mozambik)
Maputu doğumlu futbolçu ölkəsində “Ferroviario” yetirməsidi. “Benfika” klubunda Viktor Lindelöf (“Mançester Yunayted”), Raul Ximenez (“Vulverhempton”), Anderson Talişka (“Əl Nasr”) kimi futbolçulara komanda yoldaşı olub. “Qəbələ”dən sonra “Zirə”nin də formasını geyinmiş Klesio hazırda Portuqaliyada “Maritimo”da çıxış edir. O, Azərbaycanda oynamış ilk və hələ ki, yeganə mozambiklidi.
David Manqa - (Mərkəzi Afrika Respublikası)
Manqa “Zirə”nin tarixi ərzində ilk dəfə avrokuboklarda mübarizə aparmasında yardımçı olmuşdu. Afrikalı komandasının Avropa Liqasının 1-ci mərhələsində “Differanj”la səfər görüşündə də (2:1) komandasının iki qolundan birinin müəllifi olmuşdu. “Partizan”da da oynamış Manqa bir müddət əvvəl Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) Mərkəzi Afrika Respublikasının futbol tarixinin rəmzi komandasına daxil edilmişdi. O, hazırda Fransa aşağı liqasında “Rasinq Besansyon” klubunda çıxış edir.
Faruk Miya (Uqanda)
Miya Premyer Liqamızda oynamış yeganə uqandalıdı. Belçikanın “Standart” klubunda oynadığı vaxtda “Səbail”ə icarəyə verilmiş yarımmüdafiəçi özünü heç də pis tərəfdən göstərmişdi. Azərbaycandan ayrıldıqdan sonra karyerasında yüksəliş baş vermiş azsaylı futbolçulardan olan Faruk bir mövsümlük Xorvatiya karyerasından sonra Türkiyə Superliqasının təmsilçisi “Konyaspor”la anlaşmışdı. Konya klubundan ayrılan uqandalı hazırda klubsuzdu.
Robin Nqalande (Malavi)
“Zirə”dən göndərildikdən sonra uzun müddət klubsuz qalan Nqalande bir müddət əvvəl Efiopiyaya yollanıb. Çempionatımızın yeganə malavilisi Efiopiyanın “Seynt George” klubunda oynayır.
Mfo Kqasvane (Botsvana)
Azərbaycana indiyə qədər Botsvanadan gələn ilk futbolçu “Zirə”nin yolunu tutmuşdu. Azərbaycana Cənubi Afrikanın “Baroka” klubundan gəlmiş Mfo Azərbaycandan ayrıldıqdan sonra da bu ölkəyə qayıtmışdı. Hazırda isə çempionatımızın yeganə botsvanalısı ölkəsinin “Orapa Yunayted” klubunda çıxış edir.