“Qəbələ”nin futbolçusu Murad Musayev Sportal.az saytına açıqlama verib.
Bölgə klubunun müdafiəçisi komandasının bu mövsümki çıxışı barədə danışıb:
“Hər oyun bizim üçün çox önəmlidi. Son 2 turda da bizi çox ağır oyunlar gözləyir. Bu oyunlara çox ciddi hazırlaşıb qələbə qazanmaq istəyirik. Son turda da “Qarabağ”a qarşı sona qədər mübarizə apardıq. Elə matçın ilk dəqiqəsindən sona kimi diqqətli oynadıq. Mübarizə aparıb və bərabərə qaldıq”.
Murad, Premyer Liqanın 13-cü turu çərçivəsində “Zirə”yə qarşı keçiriləcək oyun haqda fikirlərini söyləyib:
"Artıq ilin son oyunlarıdı. “Zirə” yaxşı təşkilatlanmış komandadı. Bizi ağır oyun gözləyir. Bu oyuna yaxşı hazırlaşmışıq. İstəyimiz bu oyundan uğurlu nəticə ilə ayrılmaqdı. Onun üçün də meydana çox istəkli çıxıb, düzgün oynamalıyıq. Məşqçilərin bizə verdiyi tapşırıqları düzgün yerinə yetirsək, hər şey yaxşı olacaq”.
"Keçən il də mənim üçün pis olmadı. 20 oyun meydanda oldum, həmin matçlarda özümü yaxşı tərəfdən göstərdiyim üçün artıq bu ildən daha çox oynamaq şansı qazandım. Bu yolda Elmar Baxşıyev mənə çox dəstək oldu. Sağolsun, mən də çalışıram onun güvənini boşa çıxarmayım” - deyə, Murad Musayev fikirlərini yekunlaşdırıb.