Rəşad Sadıqov: "Təzminat məbləğini öz cibimdən verdim"

19:11 - 30 Dekabr 2021

Neftçi" mənim üçün çox şey deməkdir".

 

Sportal.az xəbər verir ki, bunu "Neftçi"nin sabiq futbolçusu Rəşad Sadıqov klubun rəsmi telekanalında yayımlanan "Unudulmaz xatirələr" verilişində qonaq olarkən deyib.

 

"Ağ-qaralar"ın keçmiş kapitanı bildirib ki, bu komandanın həyatında unudulmaz və danılmaz rolu var: "Bu, həyatımın sonunadək belə olacaq. Bilmirəm, bundan sonra hardasa "Neftçi" ilə yollarım kəsişəcək, ya yox, amma bu komanda hər zaman qəlbimdə olacaq. Həmişə "ağ-qaralar"a azarkeşlik edəcəyəm".

 

Sadıqovun sözlərinə görə, "Neftçi"də oynayarkən "Qarabağ"a da xüsusi hörmət və məhəbbət bəsləyib: "Eyni hissləri "Qarabağ"da çıxış edəndə yaşamışam. Futbolda belə hallar olur. Götürək Paulo Maldinini. Onun üçün bir dənə "Milan" var. Karyerası ərzində yalnız bu komandada çıxış edib. Amma məndə həyat elə gətirmədi. Bəlkə də karyeramı "Neftçi"də bitirəcəkdim. Başqa klubda çıxış edəcəyimi heç vaxt ağlıma gətirməzdim. Amma eyni zamanda hər zaman 1 mövsüm "Qarabağ"da oynamaq istəyim olub. Çünki mən qarabağlıyam. "Qarabağ"a keçəndə bu klub iddialı deyildi".

 

O, 2008-ci ildə "Neftçi"dən getmədiyini, göndərildiyini bildirib: "Futbolçuların başına cürbəcür oyunlar açılırdı. Rəhbərlik, idarəçilər və məşqçilər bizə qəribə münasibət göstərirdi. Əslində yaxşı heyətimiz var idi və İntertoto Kubokunda uğurlu çıxış etmiş, 2 mərhələ keçmişdik. 3-cü raundda uduzduq. Daha sonra ardıcıl 2 çempionat oyununda məğlub olduq və baş məşqçi dəyişikliyi oldu. O zaman Yurgen Gede Berti Foqtsun köməkçisi idi və qəflətən Anatoli Demyanenkonu əvəzlədi. Bu qərar futbolçular üçün də təəccüblü oldu. Bundan sonra kabuslu günlər başladı. İlk mərhələdə Rəşad Sadiqovla Elnur Allahverdiyev komandadan göndərildi. Əslində bu gün baş məşqçilər futbolçuları ciddi səhvlərinə görə əvəzedici komandaya yollayır. Amma millinin aparıcı üzvlərinə qarşı bu cür münasibət qəribə idi. Baxırsan ki, hamısı yersiz şeylərə görə komandadan kənarlaşdırılırdılar. O mərhələdə məndən başqa heç kim əvəzedici komandaya getmədi. Türkiyədə ilk təlim-məşq toplanışıdır, meydanda oyun gedir, Sadiqov kənarda qaçır. Yəni, ona meydanda yer yoxdur. Eyni münasibət Allahverdiyevə də göstərilirdi. Hər ikisi əsəbiləşirdi, çətinliklə sakitləşdirirdim. Gede sanki qarşısına məqsəd qoymuşdu ki, komandanı dağıtmalıyam. Növbəti mərhələdə, mən, Georgi Adamiya və Aleksandr Çertoqanov əvəzedici komandaya göndərildik. Bu, karyeramın ən ağır anı idi. Onlar imtina etdilər, amma mən razılaşdım. Bu da "Neftçi"yə hörmətimdən irəli gəlirdi. Əvəzedici heyətdə belə, oynamağa razı idim. Məşqlərimiz Lökbatanda daşa bərabər süni örtükdə keçirdi. Buna baxmayaraq, məşqlərə çıxırdım. Mövsümü bu formada başa vurdum. Hətta maaşım da verilmədi. Heç birinə etiraz etmədim".

 

Sadıqov özünə qarşı son pisliyin Türkiyə "Kocaelispor"una keçərkən edildiyini vurğulayıb: "Bu komandaya transferim sonuncu gündə baş tutdu. Mənə əvvəlcə 200 000 ABŞ dolları təzminat qiyməti qoyuldu. Bildirdik ki, getdiyim komandanın maddi imkanı yoxdur. Dedilər, mümkün deyil, pul ödənilməlidir. Sonra elə oldu ki, başqa adamlar araya girdi. Sadıq Sadıqov sağ olsun, həmin vaxt klubda olmasa da, problemi həll etdi. Bundan sonra qiymət 100 000 ABŞ dollarına düşdü. Həmin məbləği öz cibimdən verdim. Bir hissəsini "Kocaelispor"un mənə verəcəyi pulla düzəltdim. "Neftçi" rəhbərliyinə dedim ki, transfer vərəqəsini verin, məbləği ödəyəcəyəm. Çünki söhbətlər rəsmi deyil, qeyri-rəsmi gedirdi. Amma razılaşmadılar. Yalnız transfer pəncərəsinin sonuncu günündə transfer kağızım gəldi. Bu, baş verməsəydi, 5-6 ay klubsuz qalacaqdım. Çox məyusedici hadisə idi. Amma mən oradakı şəxsləri sevmirdim, onlara bağlı deyildim. Kluba olan sevgimdən bu söhbətlərin heç biri üzə çıxmadı. Sanki bir kitab idi, bağladım və kənara qoyub yoluma davam etdim. Şəxslərə görə "Neftçi"yə kinim ola bilməz. Hər zaman bu hörməti saxlamışam".

 

Qeyd edək ki, Rəşad Sadıqov 2001 - 2002, 2003 - 2005 və 2006 - 2008-ci illərdə "Neftçi"də, 2009 - 2010 və 2011 - 2020-ci illərdə "Qarabağ"da çıxış edib. (Report)

Xəbər xətti