Rəşad Sadıqov: "Fiziki cəhətdən tam hazır deyildik" - VİDEO

18:11 - 7 Fevral 2022

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 15-ci turunun “Keşlə” ilə oyunundan (1:0) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az 39 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

 

- Matç haqda fikriniz necədi?

- Bilirəm ki, hamı çempionat üçün darıxmışdı. Biz də həmçinin. Çox vacib qələbədi. Oyundan əvvəl narahat idim, gərginlik var idi. İlin ilk oyunu idi. Bu oyundakı qələbə bizim üçün ikiqat vacib idi. İlk dəqiqələrdən çalışdıq ki, topa nəzarət edək, üstünlük bizdə olsun, şansımızı gözləyək. Qol epizodlarımız oldu, uşaqlar son vuruşlarda inamsız idilər. Mövsüm yeni başlayıb, başadüşüləndi. Say üstünlüyümüz yarandı, sonra hesabda irəli çıxdıq. Standart vəziyyətdən qol vursaq da, ev tapşırığı deyildi. Bu da məni sevindirir. Çünki futbolçu özü fikirləşməlidi, məşqçi tapşırığından əlavə kreativlik olmalıdı. İkinci yarı ehtiyatlı başladıq. Rəqib hər an təhlükə yarada biləcək oyunçulara sahibdi. Rəhmandan, Felipedən təhlükə gözləyirsən. Qol imkanlarımız oldu, son zərbələrdə yenə dəqiqlik çatmırdı. İkinci qolu vursaydıq, sonluğu daha rahat keçirə bilərdik. Amma hər an gərginlik içərisindəydik. Qol imkanı vermədən, çox vacib qələbə qazandıq. 

 

- İkinci yarıda hücumların sayını artıracağınızı gözləmək olardı. Amma ehtiyatlı oynadız. Başqa nədən ehtiyat edirdiz?

- Bizi əks-hücumda yaxalamaqlarından. Həmişə təcrübəlilərdən yığılan komanda təhlükəli olur. “Qarabağ”a qarşı 3-4 qol vəziyyəti yaratmışdılar. Fiziki cəhətdən tam hazır deyildik. Oynadıqca tam hazır vəziyyətə düşəcəyik. Şükürlər olsun, nəticə qazandıq. Nəsə baş versəydi, böyük qüvvə ilə irəli atılacadıq.

 

- Hamidu Keyta haqda fikriniz necədi?

- Hər bir futbolçumdan razıyam. Mübarizliyimizi oyuna qoyuruq, nəticə üçün əlimizdən gələni edirik, oyunçularımızdan razıyam. Keyta bizə gec qoşuldu. Amma Brayan 21 dekabrda oynamışdı, klubsuz idi. Keyta isə yanvarın 11-dən. Brayan ay yarımdı oynamırdı. Keyta maraqlı futbolçudu, hücum xəttimizə güc qatacaq. Universal futbolçudu. Bu mövsümdən 4-2-3-1 sxemi ilə oynayırıq.

 

- Transferlər olacaq?

- Axtarışlarımız davam edir. Danışıq apardığımız var. 2 futbolçu transfer etməyi düşünürük. Necə olacaq, baxacağıq. Sərbəst olsa, üçüncü transfer də ola bilər. Yaydan bu yana tam heyəti yığa bilməmişdik. Zədələnən oyunçularımız da var idi. Bunları nəzərə alsaq, gərginliyi nəzərə alsaq, heyətimizin geniş olması mütləqdi. Əlimzdən gələni edirik.

 

Xəbər xətti