AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədovun dünən FIFA prezidenti Canni İnfantino ilə görüşməsi xəbəriylə tanışıq. Çoxmənalı mahiyyət daşıyan həmin xəbər zahiri və batini ilə təhlilə ciddi ehtiyac duyan mühüm məqam daşıyır.
Ən əvvəl bu suala cavab axtaraq: Məmmədov FIFA prezidenti ilə indi niyə görüşdü?
Görüşün məqsədi barədə açıqlama hissəsinə nəzər yetirsək, “dişədəyən” əsas məqam yalnız VAR-ın Azərbaycan çempionatında tətbiqi ilə bağlı İnfantinonun məlumatlanırılmasıdır...
Deyək ki, məlumatlandırıldı. Və?
Yəni Məmmədov buna görəmi FIFA prezidenti ilə görüşə gedib və ya o boyda qurumun rəhbəri həmin qurum üçün əhəmiyyəti olmayan məsələlər səbəbiyləmi AFFA-nın icraçı vitse-prezidentiylə görüşə vaxt sərf edir?
Əlbəttə, məsələ bu qədər bəsit deyil...
VAR - yanvar, uzağı fevralda tətbiq ediləcəyinə dair ötən ilin sonlarında Məmmədov və HK sədri Frits Ştuxlik səviyyəsində açıqlanmış, lakin vaxtında reallaşmayan və daha sonra mart-aprel aylarına dair vədi verilən bir mövzudur... Qısaca, İnfantinoyla görüş əslində başqa məqsəd daşıyır; görüşdən təqdim edilən fotoda kifayət qədər siyasi mesajlar var.
***
AFFA prezidenti Rövnəq Abdullayevin SOCAR-ın prezidenti postundan çıxarılmasından sonra faktiki baş futbol qurumunun əsas siması Elxan Məmmədov olub. Bilirik ki, uzun zamandır qurumun rəhbərliyində dəyişikliklərin olacağı haqda müzakirələr səngimir, hətta prosesin vacibliyini qabardan geniş sıra mövcuddur.
Belədə çoxbaşlı sual formalaşır: AFFA-nın yeni prezidenti kim olacaq, bu məqsədlə önə çıxan kimsə varmı, ümumiyyətlə, o, lidarəçilikdə köklü dəyişikliklər edəcəkmi?
Zaman göstərib ki, AFFA yarandığı gündən indiyədək cəmi üç prezident dəyişsə də, hər biri sırf öz “ətrafı”, yeni komandayla işləyib. Yalnız Elxan Məmmədov mərhum Ramiz Mirzəyevin zamanında (2003-2007) təyin olunduğu postda (baş katib) qalmışdı...
****
Sual təkrarlanır: AFFA-nın yeni idarəçisi də Elxan Məmmədovla (artıq həm də icraçı vitse-prezident kimi) davam etmək istəyəcəkmi?
Böyük ehtimalla, Məmmədov hər vəchlə gələcək prezidentə indidən bu barədə ismarışlar ötürür. İnfantinoyla görüş, xüsusi təmtəraqlı görüntüylə foto və s.
Ümumiyyətlə, Məmmədovun bu cür canfəşanlıq cəhdi düşünməyə əsas verir ki, böyük dəyişikliklər gözlənir və prosesin startı heç də uzaqda deyil.
İki əsas ssenarini izləməyə dəyər:
- Rövnəq Abdullayev AFFA prezidenti postundan gedənədək Məmmədovun vəzifədə qalacağı gözləniləndir.
- Abdullayevin postuna gələcək real namizəd, qabaran ad yoxdur, lakin bu mövzuda kulurlarda ən çox bir ad çəkilir - iqtisadiyyat naziri Mikayıl Cabbarov (yaxud kurasiyasından kimsə).
İkinci versiyadakı reallaşarsa, belədə AFFA-da bütün strukturun yenidən qurulacağı iddia edilir. Onda Elxan Məmmədovun AFFA-dakı taleyi də böyük sual altına düşmüş olur.
Elçin Cəlilov, Futbolpress.az
P.S.
Şübhəsiz ki, AFFA rəhbərliyinə iddialı olan başqa qüvvə(lər) də var və Məmmədov bu mənada futbol idarəçiliyində mövcudluğuna ciddi təhlükə hiss edir ki, hərəkətliliyi artırıb.
Qurum ətrafında sakitlik ab-havası müşahidə dilsə də, əslində bu, aldadıcı görüntüdür. AFFA həm də mühasirəyə alınmış qalaya bənzəyir. Azərbaycan futboluna nəzarət uğrunda mübarizə şaxələnir, böyüyür. Bu gedişatın şifrələnmiş halı uzun çəkməz, real müstəviyə keçəcəyi qaçılmazdır. Daha cəsarətli və korrekt addımlar atacaq qüvvə hansıdırsa, meydanda ilk o görünəcək...