Əslən azərbaycanlı olan, Ukrayna U-19 yğmasında çıxış etmiş Emin Safixanov Sportal.az saytına açıqlama verib.
O, hazırda ölkədəki vəziyyətlə bağlı fikirlərini əməkdaşımızla bölüşüb. Hazırda Ukrayna 1-ci liqasında yarışan “Podolye”(Xmelniçki) klubunda çıxış edən 22 yaşlı futbolçu komandası ilə birlikdə Türkiyədə təlim-məşq toplanışında idi və ölkələrindəki vəziyyətə görə Ukraynaya qayıda bilmirlər. Emin, Kiyevdə yaşayan ailəsinə görə narahat olduğunu söyləyib:
“Hazırda Ukraynadakı vəziyyət çox pisdi. Mən isə komanda ilə birlikdə Türkiyədəyəm və Ukraynaya qayıtmaq olmaz. Ailəm isə Kiyevdədi və onlara görə narahatam. Həqiqətən də qorxulu vəziyyətdi, şəhəri bombalayırlar. Kişilərin ölkədən çıxmasına icazə yoxdu. Çünki səfərbərlik var. Ailəm Kiyevdən ayrılmaq, ölkəni tərk etmək fikrində deyil. Müharibənin nə zaman başa çatacağı bilinmir. Ümidvaram ki, hər şey tezliklə sona çatacaq”.
Sumqayıtda dünyaya göz açsa da, 6 yaşından Ukraynada yaşayan Safixanov “Metallurq”(Donetks) klubunun yetirməsidi. O, “Metallist”, “Zorya”, “Olimpik”(Donetsk), “Arsenal”(Kiyev), “Çayka”, “Qornyak-Sport” klublarında çıxış edib.