Legioner həyatı yaşayan azərbaycanlı: "Altı dil bilirəm deyə, ünsiyyət qurmaqla bağlı problemim yoxdu" - MÜSAHİBƏ

20:22 - 25 Fevral 2022

Qışda “Neftçi”dən “Renova”ya keçən Nazim Məmmədzadə hələ ki, Şimali Makedoniya çempionatında debüt etməyib. Bu isə onun hələ ki, sənəd məsələlərinə görə sifariş olunmaması idi. Sportal.az saytına müsahibə verən Nazim Şimali Makedoniyadakı vəziyyətindən, ona yaradılan şəraitdən söz açıb.

- Məşqləriniz necə gedir? Hər şey ürəyincədi?
- Məşqlərimiz əla gedir. Tam adaptasiya olmağım üçün bir az vaxt lazım oldu. Çünki məşqlər intensiv keçir. Hazırda vəziyyət yaxşıdı.

- Yəni, adaptasiya sarıdan problemin yoxdu...
- Əlbəttə ki, arada Bakı və ailəm üçün darıxıram. Amma buradakı vəziyyətimdən razıyam və bütün fikrimi də “Renova”dakı məşqlərimə yönəltmişəm.

- Klub sənə lazımı şəraiti yaradıb?
- Mənim üçün əla şərait yaradıblar. Ayrı evdə qalıram və gündəlik yeməyimi də klubun hesabına restoranda yeyirəm. Ona görə də mənə ayrılan şəraitdən narazılıq edə bilmərəm.

- Maraqlıdı, futbolçularla hansı dildə ünsiyyət qurursan?
- Dillə bağlı problemim yoxdu. Çünki 6 dil bilirəm. Lazım olanda ispan, türk və ya ingiliscə ünsiyyət qururam. Bu mənada ünsiyyətlə bağlı problemim yoxdu.

- Sənəd məsələsi nə vaxt yoluna düşəcək?
- Sənədlərim demək olar ki, hazırdı. Bu yaxınlarda lazım olan bütün sənədlər əlimdə olacaq və oynamağımla bağlı problem qalmayacaq.

- O zaman belə çıxır ki, sənəd məsələləri yoluna düşərsə, iki gün sonra “Pelister”lə səfər matçında debüt edə bilərsən?
- Onu mən deyə bilmərəm. Çünki bu, baş məşqçinin qərarıdı. Ancaq özümü 100 faiz hazır hiss edirəm. Hər zaman komandaya kömək etməyə hazıram. 
 

Mirbağırağa Cəfərli

Xəbər xətti